ain.az bildirir, Bizimyol portalına istinadən.
Sosial şəbəkələrdə “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən körpüdə aralanma olduğu iddia edilən görüntülər yayılıb.
Məsələ ilə bağlı mühəndis və əmlak məsələləri üzrə ekspert Elnur Azadov Axar.аz-a açıqlamasında bildirib ki, körpüdəki bu aralıq konstruksiya elementidir.
“Nəzərə almaq lazımdır ki, yayda istilər çox olanda yolun üstü həm hərəkətdən, həm də nəqliyyat vasitələrinin axınından genişlənir. Bu kimi aralıqlar ona görə qoyulur ki, yol genişlənən zaman konstruksiya dağılmasın. Yəni hazırkı vəziyyət normaldır”, – o vurğulayıb.
“Koroğlu” ərazisindəki körpünün deformasiya tikişləri mütəmadi yoxlanılırmı?
Bu barədə Bizimyol.info xəbər portalına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, körpülərdə mütəmadi texniki baxış və monitorinqlər həyata keçirilir: “Bu görüntüdə görünən hissə aşırım qurğusunun konsolunun dayaq üzərinə oturduğu zonada yerləşən deformasiya tikişidir (temperatur şovu). Həmin tikiş körpü konstruksiyasında temperatur dəyişiklikləri və başqa istismar yükləri nəticəsində yaranan hərəkətlərin kompensasiya olunması üçün nəzərdə tutulmuş konstruktiv elementdir və texniki baxımdan normal hesab olunur.
Yəni yayılan görüntü körpüdə hər hansı qəza vəziyyətinin və ya təhlükəli konstruktiv problemin göstəricisi deyil. Körpülərdə mütəmadi texniki baxış və monitorinqlər həyata keçirilir, onların istismar vəziyyəti aidiyyəti mütəxəssislər tərəfindən daim nəzarətdə saxlanılır”.
Anar Nəcəfli əlavə edib: “Təəssüf ki, bəzən mühəndis və ya mütəxəssis rəyi alınmadan yayılan məlumatlar cəmiyyətdə əsassız narahatlıq və qorxu yaradır, texniki məsələlərin yanlış anlaşılmasına səbəb olur”.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.