Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.
Son zamanlar ölkəmizin müxtəlif bölgələrində vəhşi heyvanların kəndlərə və təsərrüfatlara hücumlarının artması müşahidə edilir. Ayrı-ayrı rayonlarda vəhşi heyvanlar təsərrüfatlara hücum edərək heyvanları tələf edir və ya onlara ağır xəsarətlər yetirirlər. Hər il təkrarlanan və daha çox qış-yaz aylarında baş verən belə hallar vətəndaşlara, o cümlədən fermerlərə ciddi maddi ziyan vurur.
Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi təsərrüfatları belə risklərdən qorumağa imkan verir. Bu mexanizm vasitəsilə bitkiçilik və balıqçılıqla yanaşı, heyvandarlıq təsərrüfatlarını da sığortalamaq mümkündür.
Qeyd edək ki, aqrar sığorta mexanizmi kənd təsərrüfatı heyvanlarını müxtəlif risklərdən, o cümlədən təbiət hadisələri, yoluxucu xəstəliklər, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər hallardan sığortalayır.
Sığorta haqqının 50 faizini dövlətin qarşılaması nəticəsində fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığorta edə bilərlər. Məsələn, 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçi) illik sığortalanması fermerə cəmi 7-11 manata, 1000 manatlıq mal-qaranın sığortalanması isə cəmi 24-39 manata başa gəlir. Bu məbləğlər heyvandarlıq təsərrüfatlarının ümumi xərcləri daxilində çox kiçik yer tutur və fermerlər üçün ciddi maliyyə yükü yaratmır.
Artıq təsərrüfatlarını sığortalayan fermerlər artıq aqrar sığortanın faydalarını görməkdədirlər. Aqrar Sığorta Fondu fəaliyyətə başladığı dövrdən indiyədək heyvandarlıq sığortası üzrə, ümumilikdə, 3,5 milyon manat zərər ödənişi həyata keçirib və bu rəqəm gündən-günə artmaqdadır. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin ilk 4 ayında zərər görmüş heyvandarlıq təsərrüfatlarına 230 min manat kompensasiya ödənilib.
Bu səbəbdən də Aqrar Sığorta Fondu fermerləri dövlətin yaratdığı bu imkandan yararlanmağa, heyvanlarını çoxsaylı risklərdən qorumaq üçün sərfəli şərtlərlə sığortalamağa çağırır.
XQ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.