Rusiya XİN-in dərc etdiyi rəsmi məlumatda rusiyalılar üçün ən yüksək həbs və ekstradisiya riski daşıyan ölkələrin siyahısına Ermənistanın adının daxil edilməsi Kremlin Ermənistanda parlament seçkisi öncəsi baş nazir Nikol Paşinyana təzyiq üsullarından biridir.
Politoloq Elxan Şahinoğlu bunu Musavat.com-a Rusiya Xarici İşlər Nazirliyinin İnsan Hüquqları üzrə Çoxtərəfli Əməkdaşlıq Departamentinin direktoru Qriqori Lukyantsevin RİA Novosti agentliyinə “ölkə vətəndaşları xaricə səyahət edərkən üçüncü ölkələrdə həbs olunmaq və ABŞ-yə ekstradisiya olunmaq riskini unutmamalıdırlar” xəbərdarlığını şərh edərkən bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin dərc etdiyi məlumatda ABŞ-nin tələbi ilə Rusiya vətəndaşlarının həbs olunma riski yüksək olan ölkələr sırasında Avropa və Latın Amerikasının əksər ölkələri, eləcə də Avstraliya, Kanada, İsrail, Maldiv adaları, Cənubi Koreya, Sinqapur, Tayland, Fici, Şri-Lanka, Liberiya, Mərakeşlə yanaşı, Ermənistan da daxil edilib. 7 iyun parlament seçkiləri ərəfəsində Kremlin açıqladığı “qara siyahı”da Ermənistanın da olması sensasiya doğurub.

Elxan Şahinoğlunun sözlərinə görə, Kreml açıq-aşkar göstərmək istəyir ki, Paşinyanın baş nazir olduğu Ermənistan Rusiya ilə tərəfdaşlıq statusunu itirib:
“Rusiya prezidenti Vladimir Putin 9 mayda faşizm üzərində Qələbə günü münasibətilə keçirilən tədbirlərdən sonra Kremldə ayaqüstü mətbuat konfransında Ukraynaya qarşı müharibə və Yaxın Şərqdəki gərginlikdən danışarkən Ermənistanın baş naziri Nikol Paşinyana da xəbərdarlıq mesajı göndərmişdi. Kreml sahibi Paşinyanla son görüşündə ona söylədiyini bir daha təkrarlayaraq söyləmişdi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında üzvlüklə Avropa İttifaqına inteqrasiya kursu arasında seçim etməlidir”.
Politoloq qeyd edib ki, Vladimir Putin açıqlamasında iki əlavəsini də unutmamışdı:
“Birincisi, Rusiya prezidentinin sözlərinə görə, İrəvan Avropa istiqamətini seçəcəyi təqdirdə Rusiya ilə “yumşaq və mədəni ayrılıq” baş verəcək. İkincisi, Putin Paşinyana Ermənistanın Avropa inteqrasiyası məsələsiylə bağlı referendum keçirməyi təklif etdi. Putin erməni cəmiyyətini xəbərdar etmək istəyir ki, Paşinyan referendum keçirərsə və ermənilər Avropa İttifaqına inteqrasiya kursuna üstünlük verərlərsə, itirəcəkləri olacaq. Vladimir Putin bunu açıq deməsə də, Rusiyanın Ermənistana satdığı qazın qiymətini qaldıracağını da nəzərdə tutub. Nikol Paşinyan Rusiyanın təhlükəsindən qorunmaq istəyirsə, Azərbaycan və Türkiyə ilə normallaşma prosesini ləngitməməlidir”.
Politoloq mühüm bir məqama da diqqət çəkib:
“Ermənistana ən çox turist Rusiyadan gedir. Kreml bu prosesin qarşısını almaq istəyir ki, Ermənistanın turizmdən gəlirləri azalsın”.
E.Paşasoy,
Musavat.com