TV Musavat-ın efirində hərbi ekspert Azad İsazadə Moskvanın Ermənistanda vəziyyəti destabilizasiya etmək və Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri ilə bağlı yayılan məlumatları şərh edib.
Musavat.com xəbər verir ki, ekspertin fikrincə, Rusiyanın birbaşa hərbi müdaxiləsi hazırda Ukrayna müharibəsi fonunda resurs çatışmazlığı səbəbindən az ehtimallıdır. Lakin onun sözlərinə görə, Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası hələ də təzyiq vasitəsi olaraq qalır.
İsazadə 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələri xatırladaraq tarixi paralel aparıb.
“Rusiya ordusu Gəncəni tərk edərkən birbaşa çevriliş təşkil etməmişdi. Lakin silah və texnikanı rusiyapərəst qüvvələrə və Surət Hüseynov tərəfdarlarına ötürmüşdü. Həmin silahlardan sonradan dövlət çevrilişi cəhdində istifadə edildi. Moskva nəzəri olaraq oxşar ssenarini Ermənistanda da həyata keçirməyə çalışa bilər”, — deyə hərbi ekspert bildirib.
Paşinyana qarşı mümkün fiziki təhdidlərlə bağlı yayılan məlumatları şərh edən İsazadə qeyd edib ki, bu cür informasiyalar bir çox suallar doğurur.
“Bir tərəfdən bu, Kremlin və ya radikal qüvvələrin Paşinyanı qorxudaraq onun qərbyönlü kursunu dəyişməsinə nail olmaq cəhdi ola bilər. Digər tərəfdən isə belə xəbərlər seçkilər ərəfəsində onun xeyrinə işləyə və müharibə, qeyri-sabitlikdən yorulan əhali arasında reytinqini artıra bilər”, — deyə ekspert vurğulayıb.
İsazadənin sözlərinə görə, ağır hərbi məğlubiyyətdən sonra erməni cəmiyyəti yeni genişmiqyaslı eskalasiyadan ehtiyat edir və Paşinyanı sülhü qoruyub saxlaya biləcək siyasətçi kimi görür.
“Adi erməni seçicisi üçün bu gün seçim Paşinyana simpatiya məsələsi deyil, sülh və müharibə arasında seçimdir. İnsanlar anlayırlar ki, radikal revanşistlərin hakimiyyətə gəlməsi Azərbaycan və Türkiyə ilə yeni münaqişəyə, beynəlxalq təcridə və Rusiyadan asılılığın daha da artmasına gətirib çıxara bilər”, — deyə hərbi ekspert yekunlaşdırıb.
Məhəmməd Türkmən / Musavat.com