AZ

NYT: ABŞ və İsrail mayın sonunadək İrana zərbələri bərpa etməyə hazırlaşır...

Məlumata görə, Vaşinqton və Təl-Əviv İrana qarşı daha sərt hərbi əməliyyat ssenarilərini nəzərdən keçirir...

Poliqon xəbər verir ki, The New York Times Yaxın Şərqdəki mənbələrə istinadən ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatların yenidən başlanmasına hazırlaşdıqlarını yazıb. Nəşrin məlumatına görə, mümkün bombardmanların artıq gələn həftə yenidən başlaya biləcəyi ehtimal olunur.

Məqalədə bildirilir ki, ABŞ prezidenti Donald Trampin Çinə səfərindən sonra onun yaxın çevrəsi İrana qarşı zərbələrin bərpasını nəzərdə tutan yeni fəaliyyət planı hazırlayıb. Mənbələrin sözlərinə görə, plan Vaşinqtonun İranla qarşıdurmada yaranmış “çıxılmaz vəziyyətdən” yeni hücumlar vasitəsilə çıxmağa cəhd edə biləcəyi ehtimalı fonunda hazırlanır.

Qəzetin yazdığına görə, zərbələrin yenidən başlanması barədə qərar qəbul olunarsa, İranın hərbi obyektləri və strateji infrastrukturu əvvəlki hücumlardan daha genişmiqyaslı və aqressiv şəkildə hədəfə alınacaq. Müzakirə olunan digər ssenarilərdən biri isə xüsusi təyinatlı qüvvələrin İran ərazisinə göndərilməsini nəzərdə tutur. Həmin qüvvələrin əsas məqsədinin nüvə materiallarının və gizli obyektlərin aşkarlanması olacağı bildirilir.

Mənbələr qeyd edir ki, Vaşinqton və Təl-Əviv İranın nüvə proqramı ilə bağlı artan narahatlıqlar səbəbindən hərbi variantları daha fəal şəkildə gündəmdə saxlayırlar. Ekspertlərin fikrincə, bölgədə gərginliyin yenidən yüksəlməsi Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirə və genişmiqyaslı regional qarşıdurma riskini artıra bilər.

Analitiklər hesab edirlər ki, ABŞ və İsrailin mümkün yeni əməliyyatları İranın regional müttəfiqlərinin reaksiyasına da səbəb ola bilər. Xüsusilə Hörmüz boğazı, enerji marşrutları və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarının təhlükəsizliyi ilə bağlı risklərin artacağı istisna edilmir.

Hələlik nə Vaşinqton, nə də Təl-Əviv məsələ ilə bağlı rəsmi açıqlama yayıb. İran tərəfi də məlumatlara münasibət bildirməyib.

Poliqon.info

Seçilən
49
50
poliqon.info

10Mənbələr