AZ

Müdafiə naziri Milli qəhrəmanların ailələrinə medallar təqdim edib

Mayın 18-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və nazirliyin digər vəzifəli şəxsləri şəhid Milli qəhrəmanlar Qurbanov Vaqif Bəxtiyar oğlu və Teymurov Pəncəli Nurməmməd oğlunun ailə üzvləri ilə görüşüb.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə general-polkovnik Z.Həsənov döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verib. O, Vətən uğrunda şəhid olanların xatirəsinin hər zaman uca tutulduğunu, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq tapşırıqlarına əsasən şəhid ailələrinə diqqət və qayğı göstərilməsinin daim prioritet məsələ olduğunu xüsusi vurğulayıb.

Nazir Vətən müharibəsində qazanılan şanlı Zəfərdən bəhs edib, şəhidlərin döyüş meydanında göstərdikləri qəhrəmanlıq, şücaət və igidlik nümunələrindən qürurla danışıb.

Bildirilib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə ilk hərbi təyyarəçi Qurbanov Vaqif Bəxtiyar oğlu və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu Teymurov Pəncəli Nurməmməd oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunublar.

Təltifolunma barədə Sərəncam oxunduqdan sonra general-polkovnik Z.Həsənov şəhid qəhrəmanların ailə üzvlərinə “Qızıl Ulduz” medalı və vəsiqəsi təqdim edib.

Görüşün yekununda şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya, həmçinin şəhidlərin xatirəsinin daim uca tutulmasına görə ölkə və Müdafiə Nazirliyinin rəhbərliklərinə minnətdarlıqlarını bildiriblər.

Seçilən
16
16
azerbaijan-news.az

10Mənbələr