AZ

Cinpin Putini BELƏ QARŞILADI - VİDEO

Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində məhdud tərkibdə danışıqlar apararaq, strateji tərəfdaşlığın inkişafı, beynəlxalq təhlükəsizlik və iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Musavat.com xəbər verir ki, görüş mayın 20-də Xalq Yığıncaqları Sarayının "Futszyan" zalında baş tutub.

Danışıqlardan əvvəl Tiananmen meydanında rəsmi qarşılanma mərasimi keçirilib və mərasim zamanı uşaq xoru "Moskvaətrafı gecələr" (Podmoskovnıye veçera) mahnısını ifa edib.

Görüşün açılışında V. Putin Si Cinpini "əziz dost" adlandırıb və son 25 ildə Moskva ilə Pekin arasındakı münasibətlərin görünməmiş bir səviyyəyə yüksəldiyini vurğulayıb. Rusiya liderinin sözlərinə görə, ölkələr arasında ticarət dövriyyəsi artıq bir neçə ildir ki, 200 milyard dolları ötüb və bu göstərici ötən illər ərzində 30 dəfədən çox artıb.

Rusiya dövlət başçısı Çin tərəfini əmin edib ki, xüsusilə Yaxın Şərqdə davam edən böhran fonunda Rusiya etibarlı enerji resursları tədarükçüsü olaraq qalmağa davam edəcək. Bundan əlavə, Putin ölkələr arasında vizasız rejimin və humanitar əlaqələrin daha da inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib".

Çin lideri Si Cinpin isə öz növbəsində qeyd edib ki, 25 il əvvəl imzalanmış "Dostluq və Əməkdaşlıq Müqaviləsi" iki dövlət arasındakı münasibətlərin sürətli inkişafının təməli olub. Onun sözlərinə görə, Rusiya və Çin tərəfdaşlığı bu gün "xaos dünyasında" sabitliyi təmin edir.

Yaxın Şərqdəki vəziyyətin müharibə ilə sülh arasında kritik bir həddə olduğunu deyən Çin rəhbəri, dünya siyasətində "cəngəllik qanunlarına qayıdış" təhlükəsi barədə xəbərdarlıq edib.

"Çin və Rusiya birlikdə daha ədalətli qlobal idarəetmə sisteminin formalaşmasına töhfə verməlidirlər", - Çin lideri deyib.

Danışıqlar zamanı V. Putin Çin Sədrini gələn il Rusiyaya rəsmi səfərə dəvət edib, həmçinin Çinin Şençjen şəhərində keçiriləcək APEC sammitində iştirakını təsdiqləyib. Tərəflər, eyni zamanda, bu il 25 illiyini qeyd edən Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində gələcək tərəfdaşlıq imkanlarını da nəzərdən keçiriblər.

Musavat.com

Seçilən
34
23
musavat.com

10Mənbələr