AZ

WUF13-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətindən danışılıb

Azərbaycanda inklüziv şəhərlər və əlilliyi olan şəxslərin hüquqları dövlət siyasətinin əsas prioritetlərindəndir.

APA xəbər verir ki, bunu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari BWUF13 çərçivəsində əlilliyi olan insanların hüquqları üzrə dəyirmi masada çıxışında deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Azərbaycanda inklüziv şəhərsalma, əlilliyi olan şəxslərin hüquqları və sosial müdafiə sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib.

O vurğulayıb ki, bütün ölkələrin ortaq məsuliyyəti şəhərlərin təkcə inkişaf edən deyil, həm də əlçatan, inklüziv və hər kəs üçün rahat məkanlara çevrilməsidir: “Şəhərlərimizin təkcə böyüyən və inkişaf edən deyil, həm də əlçatan, inklüziv və hər kəs üçün rahat olması üçün bu gün bütün ölkələr ortaq məsuliyyət daşıyır”.

Direktor qeyd edib ki, Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və sosial rifahının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir: “Ölkə 2008-ci ildən BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Konvensiyasına qoşularaq bu sahədə mühüm islahatlar həyata keçirib. 2008-ci ildən BMT Konvensiyasına qoşulduqdan sonra Azərbaycan milli qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırmaq və tibbi modeldən sosial modelə keçid istiqamətində ciddi islahatlar aparıb”.

O çıxışı zamanı 2018-ci ildə qəbul edilən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun inklüziv siyasət üçün mühüm hüquqi baza yaratdığını bildirib.

Eyni zamanda, rəqəmsal əlillik qiymətləndirmə sistemi və sosial müavinətlərin elektron qaydada təyinatı kimi innovativ islahatlar qeyd olunub.

“Biz regionda ilk ölkələrdən biriyik ki, tam elektron əlillik qiymətləndirmə sistemini tətbiq etmişik. Sosial ödənişlər artıq vətəndaş müraciəti olmadan avtomatik qaydada təyin olunur”, - o vurğulayıb.

Çıxışda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti xüsusi qeyd olunub: “Bu mərkəz universal dizayn və inklüzivliyin uğurlu nümunəsidir. Burada əlçatanlıq, psixososial dəstək və işarə dili xidmətləri vahid məkanda təqdim olunur”.

Qeyd olunub ki, bu model artıq regionlara da genişləndirilir və minlərlə benefisiar bacarıqlar əldə edərək iqtisadi imkanlara çıxış qazanır.

Elnarə Ənsari Azərbaycan təcrübəsinin BMT Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olduğunu diqqətə çatdırıb və inklüzivliyin “heç kimi geridə qoymamaq” prinsipinin əsas təzahürü olduğunu əlavə edib: “İnklüziv şəhərlər yalnız siyasət seçimi deyil, həm də mənəvi məsuliyyətdir”.

Seçilən
1
3
apa.az

4Mənbələr