AZ

FHN Akademiyasında kursantlara axtarış xilasetmə istiqamətində zəruri yanaşmalar barədə məlumat verilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 20 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən akademiyanın rəisinin birinci müavini polkovnik Fuad Mehbalıyev görüşün əhəmiyyətindən danışıb, nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılmasının təhsil prosesinin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, bu səpkili görüşlərin kursantların xidmətə hazırlanmasında, onların peşəkar dünyagörüşünün formalaşdırılmasında və operativ qərarvermə bacarıqlarının inkişafında mühüm rol oynayacağını bildirib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi polkovnik Xaliq Hüseynov qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd olunub ki, Xüsusi Riskli Xilasetmə Xidməti fövqəladə hadisələrə çevik reaksiya verilməsini və həmin halların nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarını həyata keçirir. Həmçinin bildirilib ki, Xüsusi Riskli Xilasetmə Xidməti zərərçəkmişlərə ilkin yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsini, təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin öz səlahiyyətləri daxilində mühafizəsini, humanitar yardımların müşayiət və mühafizə olunmasını təşkil edən qurumdur.

Tədbirdə kursantlara axtarış-xilasetmə istiqamətində zəruri yanaşmalar və təhlükəsizlik tədbirləri barədə məlumat verilib, xüsusi riskli xilasetmə sahəsi üzrə peşəkar kadr hazırlığının vacibliyi vurğulanıb.

İnteraktiv formatda keçirilən tədbir zamanı kursantları maraqlandıran suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
azertag.az

4Mənbələr