AZ

Pakistan rəsmisi: Azərbaycanın şəhərsalma və infrastruktur sahəsində nəticələri diqqətçəkəndir

Bakı, 20 may, AZƏRTAC

Azərbaycanın şəhərsalma, infrastruktur və tarixi irsin qorunması sahəsində əldə etdiyi nəticələr həqiqətən diqqətçəkəndir.

Bu barədə AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Pakistanın Pəncab əyalətinin Mənzil Tikintisi, Şəhərsalma və İctimai Səhiyyə Departamentinin katibi Nur-ul-Amin Menqal deyib. O bildirib ki, WUF13 Azərbaycanın beynəlxalq əməkdaşlıq və qlobal dialoq platforması kimi rolunu bir daha nümayiş etdirir.

“Azərbaycan hökumətinin təşəbbüsü ilə müxtəlif ölkələrin hökumətləri və tərəfdaş qurumları bir araya gətirilib. Bu tədbir təcrübə mübadiləsi və uğurlu layihələrin təqdimatı baxımından çox əhəmiyyətlidir”, - deyə pakistanlı rəsmi vurğulayıb.

Nur-ul-Amin Menqal Bakının inkişaf tempinin də diqqətçəkən olduğunu qeyd edib. O, xüsusilə şəhərin infrastrukturu, tarixi məkanların qorunması, təmizlik və yaşıllıq sahələrinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

“2019-cu ildə də Bakıda olmuşdum. Hazırda şəhərdə böyük yenilənmə və inkişaf müşahidə olunur. İnfrastruktur daha da təkmilləşib, şəhər daha təmiz və canlı görünür. İnsanların fəallığı və rifahı hiss olunur”, - deyə o bildirib.

Pakistanlı rəsmi Azərbaycan ilə əməkdaşlıq imkanlarının geniş olduğunu da qeyd edib. Onun sözlərinə görə, Bakı-Lahor və Bakı-İslamabad arasında birbaşa uçuşların mövcudluğu əlaqələrin inkişafına əlavə təkan verir.

Müsahibimiz qeyd edib ki, Pakistanın Pəncab əyalətində həyata keçirilən ən böyük sosial mənzil proqramı çərçivəsində qısa müddətdə 100 mindən çox ev inşa edilərək ailələrin istifadəsinə verilib: “Pəncab hökuməti tərəfindən ümumi dəyəri 800 milyard Pakistan rupisi olan genişmiqyaslı mənzil proqramı həyata keçirilir. Layihə əsasən aşağıgəlirli əhali qruplarını əhatə edir.

Biz varlı təbəqəni deyil, aylıq 35-40 dollar həcmində ödəniş edə bilən aztəminatlı ailələri hədəfləyirik. Bu vəsait kirayə deyil, mənzil üçün ödəniş kimi geri qaytarılır və proqram “revolving fund” prinsipi ilə fəaliyyət göstərir”.

Nur-ul-Amin Menqalın sözlərinə görə, proqram çərçivəsində ümumilikdə 500 min evin tikintisi planlaşdırılır. Gələcək mərhələdə isə daha 500 min mənzilin inşası nəzərdə tutulur.

“Azərbaycandan öyrəniləcək çox şey var. Eyni zamanda, Pakistan da öz turizm potensialını və sosial mənzil layihələrini təqdim etməyə hazırdır”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Müxbir - Pərvanə Qafarova
Fotoqraf - Azər İbrahimov
Videooperator - Ələkbər Baxşıyev
Seçilən
45
2
azertag.az

3Mənbələr