AZ

Pakistan rəsmisi: Azərbaycanın nəticələri diqqətçəkəndir

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın şəhərsalma, infrastruktur və tarixi irsin qorunması sahəsində əldə etdiyi nəticələr həqiqətən diqqətçəkəndir.

Hafta.az bildirir ki, bu barədə AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Pakistanın Pəncab əyalətinin Mənzil Tikintisi, Şəhərsalma və İctimai Səhiyyə Departamentinin katibi Nur-ul-Amin Menqal deyib.

O bildirib ki, WUF13 Azərbaycanın beynəlxalq əməkdaşlıq və qlobal dialoq platforması kimi rolunu bir daha nümayiş etdirir: “Azərbaycan hökumətinin təşəbbüsü ilə müxtəlif ölkələrin hökumətləri və tərəfdaş qurumları bir araya gətirilib. Bu tədbir təcrübə mübadiləsi və uğurlu layihələrin təqdimatı baxımından çox əhəmiyyətlidir”.

Nur-ul-Amin Menqal Bakının inkişaf tempinin də diqqətçəkən olduğunu qeyd edib. O, xüsusilə şəhərin infrastrukturu, tarixi məkanların qorunması, təmizlik və yaşıllıq sahələrinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

“2019-cu ildə də Bakıda olmuşdum. Hazırda şəhərdə böyük yenilənmə və inkişaf müşahidə olunur. İnfrastruktur daha da təkmilləşib, şəhər daha təmiz və canlı görünür. İnsanların fəallığı və rifahı hiss olunur”, - deyə o bildirib.

Pakistanlı rəsmi Azərbaycan ilə əməkdaşlıq imkanlarının geniş olduğunu da qeyd edib. Onun sözlərinə görə, Bakı-Lahor və Bakı-İslamabad arasında birbaşa uçuşların mövcudluğu əlaqələrin inkişafına əlavə təkan verir.

O qeyd edib ki, Pakistanın Pəncab əyalətində həyata keçirilən ən böyük sosial mənzil proqramı çərçivəsində qısa müddətdə 100 mindən çox ev inşa edilərək ailələrin istifadəsinə verilib: “Pəncab hökuməti tərəfindən ümumi dəyəri 800 milyard Pakistan rupisi olan genişmiqyaslı mənzil proqramı həyata keçirilir. Layihə əsasən aşağıgəlirli əhali qruplarını əhatə edir. Biz varlı təbəqəni deyil, aylıq 35-40 dollar həcmində ödəniş edə bilən aztəminatlı ailələri hədəfləyirik. Bu vəsait kirayə deyil, mənzil üçün ödəniş kimi geri qaytarılır və proqram “revolving fund” prinsipi ilə fəaliyyət göstərir”.

Nur-ul-Amin Menqalın sözlərinə görə, proqram çərçivəsində ümumilikdə 500 min evin tikintisi planlaşdırılır. Gələcək mərhələdə isə daha 500 min mənzilin inşası nəzərdə tutulur: “Azərbaycandan öyrəniləcək çox şey var. Eyni zamanda, Pakistan da öz turizm potensialını və sosial mənzil layihələrini təqdim etməyə hazırdır”.

Seçilən
0
2
hafta.az

3Mənbələr