“Aston Villa”nın hücumçusu Ceydon Sanço “Frayburq”a qarşı keçirdikləri Avropa Liqasının final matçında meydana çıxmaqla rekorda imza atıb.
Arena.az xəbər verir ki, 26 yaşlı ingiltərəli futbolçu tarixdə ardıcıl 3 mövsüm 3 müxtəlif klubla fərqli qitəmiqyaslı turnirlərin finalında oynayan ilk futbolçu olub.
O, 2024/2025-ci illər mövsümündə Avropa Konfrans Liqasını “Çelsi”nin heyətində qazanıb. Həmin vaxt London təmsilçisi finalda “Betis”ə 4:1 hesabı ilə qalib gəlib.
2023/2024-ci illər mövsümündə isə Sanço Dortmund “Borussiya”sı ilə UEFA Çempionlar Liqasının finalında məğlubiyyət acısı yaşayıb. Almaniya klubu həlledici oyunda Madrid “Real”ına 0:2 hesabı ilə uduzub.
Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan Ceydon Sanço hər 3 finalda icarə əsasında çıxış edib. Onun bu yay Mançester təmsilçisindən azad agent kimi ayrılacağı bildirilir.
Qeyd edək ki, “Mançester Yunayted” vaxtilə bu futbolçunun transferi üçün 85 milyon avro ödəyib.
