VI Türk dünyası ədəbiyyat və kitab festivalının 2-ci günündə daha bir neçə əhəmiyyətli tədbir keçirildi.
Bizim.Media xəbər verir ki, görkəmli şair Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir və “Dədə Qorqud dünyasından rəqəmsal mühitə” mövzusunda elmi müzakirə Azərbaycan ədəbi-mədəni mühitində mühüm hadisələrdən biri kimi dəyərləndirildi.
MÖVZU İLƏ BAĞLI:
Vüsalə Vətənxan Mehri festivalda yaradıcılığı ilə diqqət çəkdi
Tədbirdə ədəbiyyatşünas alimlər, tədqiqatçılar, müəllimlər və ediblər iştirak etdilər.
Tədbirin moderatoru Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı çıxış edərək Səməd Vurğunun Azərbaycan poeziyasında tutduğu mövqedən danışdı.
O qeyd etdi ki, şairin yaradıcılığı yalnız bir dövrün deyil, bütöv bir xalqın mənəvi yaddaşının ifadəsidir.
Çıxış edənlər sırasında professor Hamlet İsaxanlı və professor Qəzənfər Paşayev Səməd Vurğun poeziyasının milli düşüncənin formalaşmasındakı rolundan geniş bəhs etdilər. Bildirildi ki, şair repressiya və ictimai-siyasi çətinliklərlə üzləşdiyi dövrlərdə belə yaradıcılıq əzmini itirmədi, əksinə, xalq ruhunu yaşadan əsərlər yaratmağa davam etdi.
Professor Q. Paşayev çıxışında vurğuladı ki, gənc yaşlarında saçları ağaran Səməd Vurğun dövrün ağır sınaqlarına mətanətlə sinə gərə bildi. Azərbaycanın ən böyük şairlərindən birinə çevrildi. O, həmçinin qeyd etdi ki, müxtəlif ölkələrdə yaşayan alimlərin Vurğun poeziyasını öz dillərində əzbər söyləməsi və şair haqqında bir çox xarici dərsliklərdə məlumatların yer alması Azərbaycan ədəbiyyatı adına böyük qürur mənbəyidir.
Tədbirin bədii hissəsində Səməd Vurğunun məşhur şeirləri məktəblilərin ifasında səsləndirildi. Gənc nəslin böyük şairin irsinə göstərdiyi maraq iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılandı.
Ardınca növbəti elmi sessiya - “Dədə Qorqud dünyasından rəqəmsal mühitə: metaforik düşüncə, psixoanaliz və folklorik məna” mövzusuna həsr olundu. Sessiyanın moderatoru - Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev, f.e.d
Seyfəddin Rzasoy “Dədə Qorqud” irsinin metaforik təfəkkür sistemi baxımından əhəmiyyətini təhlil etdi.
O bildirdi ki, dastandakı obrazlar yalnız tarixi qəhrəmanlar deyil, həm də kollektiv şüurun və milli yaddaşın simvollarıdır. Müasir rəqəmsal dövrdə bu irsin yeni interpretasiya imkanları qazandığı vurğulandı.
Digər çıxışçı, filologiya elmləri doktoru Səfa Qarayev isə folklor nümunələrinin psixoanalitik aspektlərinə toxunaraq qeyd etdi ki, xalq yaradıcılığı insanın daxili dünyasını, qorxu və arzularını simvolik dillə ifadə edir.
O, rəqəmsal mühitin folklorun yeni təqdimat formalarının yaranmasına imkan verdiyini və bu istiqamətdə aparılan tədqiqatların əhəmiyyətini xüsusi vurğuladı.
Tədbirin sonunda iştirakçılar Azərbaycan ədəbiyyatı və folklorunun gələcək nəsillərə çatdırılması istiqamətində belə elmi-mədəni görüşlərin mühüm rol oynadığını qeyd etdilər.



Şəfiqə Şəfa, İntiqam İnrahimov, Bizim.Media