Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Pakistan nümayəndə heyətinin Tehrana səfərinin nəticələrini açıqlayaraq bildirib ki, İran və ABŞ arasında dolayı danışıqlarda hazırlanmış 14 maddəlik çərçivə memorandumunun yekunlaşdırılması mərhələsinə daxil olunub.
Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, əsas məqsəd bölgədə bütün cəbhələrdə müharibənin dayandırılmasıdır.
Bəqayi qeyd edib ki, Pakistan son həftələrdə Tehran və Vaşinqton arasında mesajların ötürülməsində əsas vasitəçi rolunu oynayıb. Hazırkı danışıqlarda tərəflər arasında fikir ayrılıqları qalsa da, mövqelərin müəyyən qədər yaxınlaşdığı bildirilir. Bununla yanaşı, İran ABŞ rəsmilərinin ziddiyyətli açıqlamalarına görə tam etimadın formalaşmadığını vurğulayır.
İran rəsmisinin sözlərinə görə, memorandum əsasən aşağıdakı mövzuları əhatə edir:
Müharibənin və hərbi gərginliyin dayandırılması;ABŞ-ın dənizdə tətbiq etdiyi təzyiqlərin və “dəniz mühasirəsi” adlandırılan fəaliyyətlərin sona çatdırılması;İranın bloklanmış maliyyə vəsaitlərinin azad edilməsi;Hörmüz boğazında təhlükəsiz gəmiçilik mexanizmlərinin yaradılması;Gələcək mərhələdə nüvə məsələsi və sanksiyalarla bağlı müzakirələrin çərçivəsi.
Bəqayi bildirib ki, memorandum imzalandıqdan sonra 30–60 günlük müddətdə detallı danışıqlar aparılaraq yekun razılaşmaya nail olunması nəzərdə tutulur.
İran tərəfi Hörmüz boğazının idarə edilməsinin ABŞ-la deyil, İran və Oman kimi sahilyanı ölkələrlə bağlı məsələ olduğunu bəyan edib. Tehran hesab edir ki, bölgədə yaranmış təhlükəsizlik böhranının əsas səbəbi ABŞ və İsrailin hərbi addımlarıdır.
Rəsmi Tehran Omanla birlikdə beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin edəcək yeni mexanizmlər üzərində işlədiyini açıqlayıb və beynəlxalq ictimaiyyəti bu təşəbbüsü dəstəkləməyə çağırıb.
Bəqayi vurğulayıb ki, hazırkı mərhələdə nüvə proqramı üzrə detallı danışıqlar əsas gündəm deyil. İranın prioriteti ilk növbədə bölgədə müharibənin dayandırılması və gərginliyin azaldılmasıdır. Bununla belə, sanksiyaların ləğvi və bloklanmış vəsaitlərin qaytarılması Tehran üçün dəyişməz tələb olaraq qalır.
İran rəsmisi Pakistanı rəsmi vasitəçi kimi təqdim etsə də, Qətər və bəzi regional ölkələrin də gərginliyin azaldılması istiqamətində təşəbbüslər göstərdiyini bildirib. Qətər nümayəndə heyətinin Tehrana səfərinin də memorandumun bəzi maddələrinin razılaşdırılmasına dəstək məqsədi daşıdığı qeyd olunub.
İsmayıl Bəqayi bildirib ki, son bir həftədə tərəflərin mövqeləri bir qədər yaxınlaşıb və yaxın 3–4 gün ərzində prosesin hansı istiqamətdə inkişaf edəcəyi daha aydın görünəcək. İran tərəfi memorandumun yekunlaşdırılması üçün diplomatik səylərin davam etdiyini vurğulayır.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.