AZ

Putinin çətin günləri: Rusiyada ona qarşı dərin məyusluq var...

Rusiyada əhval-ruhiyyə Putinə qarşı çevrilib, mənbələrə görə, getdikcə təcrid olunan prezident zəifləyən iqtisadiyyata baxmayaraq Ukrayna müharibəsini davam etdirməkdə qərarlıdır...

Müəliflər: Pjotr Zauer və Son Uoker
The Guardian nəşri, Böyük Britaniya

Vladimir Putin mayın əvvəlində Moskva mərkəzində yerləşən bir otelə rus istehsalı avtomobillə gəldi. O, cins şalvar və açıq rəngli gödəkçə geyinmişdi. Əlində çiçəklər dəstəsi tutaraq sakit şəkildə lobbiyə daxil oldu və keçmiş məktəb müəllimi Vera Qureviçi qucaqladı. Qureviç onu yanağından öpdü.

Daha sonra o, Qureviçə maşına minməyə kömək etdi və onu Kremlə şam yeməyinə apardı.

Bu, Qərb mediasının bir neçə gün əvvəl Avropa kəşfiyyat hesabatına istinadla Putinin sui-qəsd və ya hətta çevriliş qorxusu ilə həftələrlə yeraltı bunkerdə gizləndiyi iddiasından cəmi bir gün sonra baş verdi.

Televiziya ilə yayımlanan bu görüş Kremlin liderinin 25 illik hakimiyyəti dövründə formalaşdırdığı imici yenidən gücləndirmək üçün diqqətlə qurulmuşdu: özünü xalq adamı kimi göstərən, keçmiş müəllimi ilə görüşən sakit və özünə inamlı prezident.

Lakin yaxın zamanda çevriliş qorxularının şişirdilmiş olduğu düşünülsə də, Putinin uzunmüddətli hakimiyyətinin ən çətin mərhələsinə daxil olması barədə şübhə yoxdur. Rusiya liderinin ətrafında olan şəxslərlə, biznes dairələri və Qərb kəşfiyyat rəsmiləri ilə aparılan müsahibələr getdikcə təcrid olunan, Ukraynadakı zəifləyən müharibə və ölkədaxili iqtisadi tənəzzüldən narazı elitanın əhatəsində olan lider mənzərəsini ortaya qoyur.

“Bu il elitada əhval-ruhiyyə açıq şəkildə dəyişib, Putinə qarşı dərin məyusluq var. Sabah hər şeyin birdən çökəcəyinə heç kim inanmır. Ancaq mənasız, özünü məhv edən qərarların davamlı şəkildə verildiyi anlayışı artır. Vaxtilə Putini müdafiə edən insanlar artıq bunu etmir. Gələcək hissi tamamilə yoxa çıxıb”, deyı yüksək əlaqələrə malik bir biznes lideri bildirib və əlavə edib ki, “bir növ fəlakətin yaxınlaşdığı hissi güclənir”.

Putinin reytinqi zəifləyir, iqtisadiyyat artan təzyiq altındadır, hətta nadir hallarda prezidenti tənqid edən Kremlə yaxın bloqerlər də açıq narazılığa başlayıblar.

Ölkədaxili çatların yaranmasına baxmayaraq, müxtəlif mənbələrin, Avropa və Ukrayna kəşfiyyat rəsmilərinin sözlərinə görə, Putinin Ukrayna müharibəsi ilə bağlı hesablamaları dəyişməyib və o, müharibəni davam etdirmək niyyətindədir.

Prezidentə yaxın iki mənbənin sözlərinə görə, Putin yaxın çevrəsinə Moskvanın ilin sonunadək Donbas bölgəsinin tam nəzarətini ələ keçirəcəyinə inandığını bildirib.

“Putin Donbasa köklənib və buna nail olmadan dayanmayacaq”, deyə mənbələrdən biri deyib.

Mayın 9-da keçirilən, Ukrayna dron hücumları qorxusuna görə daha məhdud formatda təşkil edilən Qələbə Günü paradından sonra Putin müharibənin “sona yaxınlaşdığını” deməklə çoxlarını təəccübləndirib. Bu bəyanat manşetlərə çıxsa da, onun düşüncə tərzinə bələd şəxslər bildirirlər ki, bunu kompromisə hazırlıq kimi qiymətləndirmək düzgün deyil. Əksinə, bu, Putinin qalibiyyətə doğru hərbi dönüşün yaxın olduğuna inandığını göstərir.

Ukrayna kəşfiyyat rəsmisi bildirib ki, Rusiya generalları Putini Donbasın ilin sonuna qədər alınacağına inandırıblar.

“Qələbənin yaxın olduğunu göstərən saxtalaşdırılmış hesabatlar komanda zənciri üzrə yuxarı ötürülür”, deyə Ukrayna kəşfiyyat rəsmisi bildirib.

Lakin bu nikbinlik döyüş meydanında əksini tapmır. Hərbi analitiklər deyirlər ki, mövcud irəliləyiş tempi ilə Rusiyanın Donbası tam nəzarətə götürməsi illərlə vaxt ala bilər.

Rusiya ordusu və təhlükəsizlik xidmətlərinin Putinə həddindən artıq nikbin mənzərə təqdim edib-etmədiyi hələ də aydın deyil.

“Ətrafındakıların çoxu vəziyyətin reallığını anlasa belə, Putinin özünün nə dərəcədə başa düşdüyünü bilmirik. Ən problemli məsələ budur”, deyə bir yüksəkvəzifəli Avropa kəşfiyyat rəsmisi deyib.

“Əlbəttə ki, rəsmilər və hərbçilər prezidentə hər şeyi çəhrayı rəngdə göstərirlər. Ona yalan danışırlar. Putinin qurduğu sistem belə işləyir”, deyə Kreml müzakirələrinə yaxın bir şəxs bildirib.

Putinin müharibəni davam etdirmək qərarına təsir edən digər amillərdən biri, mənbələrin sözlərinə görə, onun Donald Trampın Kiyevi ərazi güzəştlərinə məcbur etmək qabiliyyətinə inamını itirməsidir.

“Moskvada Trampın seçkidən sonra Donbası onlara bəxş edəcəyinə dair böyük optimizm vardı. Bu, əsasən yox olub”, Putinlə əlaqədə olan bir mənbə bildirib.

Tramp son dövrlər ABŞ-nin dəstəyi ilə Ukrayna müharibəsinin başa çatmağa yaxın olduğunu desə də, Rusiya rəhbərliyi Vaşinqtonla danışıqları davam etdirməyin faydasını getdikcə daha az görür. Ukrayna etiraf edib ki, Trampın nümayəndələri Cared Kuşner və Stiv Uitkoff müxtəlif görüşlərdə Ukrayna qoşunlarının nəzarətdə saxladıqları ərazilərdən çıxmasını təklif ediblər.

Lakin Kiyev də Vaşinqtondan asılılığını əhəmiyyətli dərəcədə azaldıb, hərbi istehsalını artırıb. Avropa İttifaqının 90 milyard avroluq kreditinin açılması, Avropa müttəfiqləri ilə hərbi və kəşfiyyat əməkdaşlığının dərinləşməsi ABŞ-nin təsir imkanlarını zəiflədib və Kiyev güclü təhlükəsizlik təminatı olmadan ərazi güzəştlərinə getmək istəmir.

Hazırda Moskvanın əsas məqsədi Donbasın tam ələ keçirilməsidir və rusiyalı danışıqlarçılar bildiriblər ki, bu baş verərsə, Moskva sülh danışıqlarına hazır olacaq. Lakin Putinə yaxın şəxslər deyirlər ki, Ukrayna çökməyə başlasa, onun ambisiyaları yenidən genişlənə bilər. Onların sözlərinə görə, Putin bu halda Dnepr çayını keçərək Rusiyanın 2022-ci ildə ilhaq etdiyini bəyan etdiyi, lakin tam nəzarət etmədiyi dörd Ukrayna regionunu tam ələ keçirməyə cəhd göstərə bilər.

“Putin uzunmüddətli zaman strateqi deyil, ən kiçik uğurlar isə onun iştahasını yedikcə artırır”, deyə mənbələrdən biri bildirib. 

Ölkə daxilində narazılıq

Cəmiyyətdə narazılıq dalğaları 2026-cı ilin əvvəlində görünməyə başlayıb. Kreml əksər sosial şəbəkə tətbiqlərini qadağan edib və ya məhdudlaşdırıb, yalnız dövlət dəstəkli alternativə çıxışı saxlayıb.

Mərkəzi Moskva və digər bölgələrdə mobil internet dövri olaraq söndürülür və ya tam dayandırılıb, nəticədə bizneslər milyardlarla rubl zərərdən şikayət etməyə başlayıblar.

Hakimiyyət bu görünməmiş məhdudiyyətləri Ukrayna dron hücumları və diversiya təhlükəsi ilə əsaslandırıb.

Bu internet məhdudiyyətləri Moskva elitası arasında qara yumora səbəb olub.

“Şam süfrəsində hamı internetdən danışır. İndi artıq bir qədər Şimali Koreyaya yaxınlaşmışıq”, deyə Kremlə yaxın bir şəxs deyib.

Vaxtilə Rusiyada senzuranın simvolu kimi lağa qoyulan Çinin internet nəzarəti sistemi indi müəyyən həsədlə müzakirə olunur.

İnternet məhdudiyyətlərinə təhlükəsizlik xidmətlərinin ən qorxulan bölmələrindən biri olan, mərhum müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə görə məsuliyyət daşıdığı iddia olunan FTX-nın ikinci xidməti nəzarət edir.

Eyni zamanda, Kreml sözçüsü Dmitri Peskov və administrasiya rəhbərinin birinci müavini Sergey Kiriyenko daxil olmaqla siyasi elitanın bəzi üzvləri Putini daha sərt məhdudiyyətlərdən çəkindirməyə çalışsalar da, buna nail ola bilməyiblər.

“Müharibə davam etdikcə, Putin təhlükəsizlik xidmətlərinə üstünlük verəcək”, deyə Kremlə yaxın başqa bir şəxs deyib.

“İnternet məsələsi Rusiya cəmiyyəti üçün çox həssasdır və böyük qəzəb dalğası yaradıb”, deyə Putinin keçmiş siyasi himayədarının qızı, jurnalist Kseniya Sobçak telefon müsahibəsində bildirib.

Sobçak hesab edir ki, Rusiya hakimiyyəti tezliklə daha da irəli gedərək bütün Qərb sosial şəbəkələrini bloklayacaq və insanları yerli alternativlərə keçməyə məcbur edəcək.

“Düşünürəm ki, bu qərar artıq verilib. Bu, gələn il də baş verə bilər”, deyə Sobçak vurğulayıb.

Bir çox rusiyalı üçün bu il həm də daha yüksək vergilər və artan inflyasiya ilə yadda qalıb. İqtisadiyyatın zəifləməsi bizneslərin bağlanmasına, ərzaq və kommunal xidmətlərin bahalaşmasına səbəb olub.

Bütün bunlar Putinin işğal başlayandan bəri hakimiyyətinin əsas yazılmamış müqavilələrindən birini pozduğunu göstərir: adi rusiyalılar gündəlik həyat sabit qaldığı müddətdə müharibəyə göz yuma bilərdi.

Rusiya sosial şəbəkələrində hakimiyyətə qarşı narazılıq getdikcə daha görünən hal alıb. Daha yüksək vergilərdən şikayət edən kiçik biznes sahibləri, internet kəsintilərinə etiraz edən sakinlər və Sibirdə heyvanların kütləvi məhv edilməsinə qarşı çıxan fermerlərin videoları geniş yayılıb.

Dövlət sorğu şirkətinin məlumatına görə, Rusiyada ümumi xoşbəxtlik indeksi apreldə son 15 ilin minimumuna enib və bir sıra sorğular Putinin reytinqinin Ukraynaya qarşı tammiqyaslı işğaldan bəri ən aşağı səviyyəyə düşdüyünü göstərib.

“Putin reytinqləri yaxından izləyir. O, 1999-cu ildən sorğuları obsesiv şəkildə nəzarətdə saxlayır”, deyə müharibədən sonra bağlanan “Exo Moskva” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktov bildirib.

Venediktov xatırladıb ki, Krımın ilhaqından qısa müddət sonra Putin ictimai dəstəyi göstərən sorğu nəticələrini ona nümayiş etdirərək belə demişdi: “Sən xalqla deyilsən. Mən xalqla birlikdəyəm”.

Çevriliş?

Elita və cəmiyyət daxilində narazılığın artdığı aydın olsa da, əksər analitiklər hesab edir ki, Putinin hakimiyyəti üçün real təhlükə yaranarsa, bu küçələrdən deyil, onun yaxın çevrəsindən gələcək.

Bu ayın əvvəlində Avropa ölkələrindən birinin hazırladığı kəşfiyyat hesabatına istinadla yayılan iddialardan biri keçmiş müdafiə naziri Sergey Şoyqunun Putinə təhlükə yarada biləcəyi barədə idi. Lakin yaxın zamanda Kreml çevrilişi ehtimalı həm tərəfdarlar, həm də tənqidçilər tərəfindən reallıqdan uzaq hesab olunur.

Putinin razılığı ilə təhlükəsizlik xidmətləri Şoyqunun bir sıra yaxın adamlarını həbs edib və bu da keçmiş nazirin daha da təcrid olunmasına səbəb olub.

“Onun orduda populyarlığı və dayağı yoxdur. O, heç vaxt Putinə qarşı çıxmayacaq”, deyə Şoyqunu şəxsən tanıyan keçmiş yüksəkvəzifəli məmur bildirib.

Narazılığın oliqarxlardan gəlməsi də inandırıcı görünmür. Aparıcı rusiyalı biznesmenlərdən birinin sözlərinə görə, onların çoxu müharibədən dəhşətə gəlsə də, açıq danışmağa qorxurlar. Son aylarda dövlət özəl bizneslərə qarşı yeni müsadirələrə başlayıb, xüsusilə iri kənd təsərrüfatı şirkətinin qurucusu, milyarder Vadim Moşkoviçin həbsi diqqət çəkib.

“Biznes elitası rus ruleti oynayır. Hamı qonşusunun vurulacağını, özünün isə xilas olacağını düşünür. Kim ona qarşı çıxacaq? Hamı sadəcə onun sonunu gözləyir”, deyə .

Son həftələrdə Putin təhlükəsizlik və paranoya ilə bağlı iddiaları təkzib etmək məqsədilə səfərlərini artırıb.

“Putin həmişə təhlükəsizliyinə obsesiv yanaşıb, amma onun gizləndiyini demək düzgün deyil. Bəli, elitada narahatlıq var. Bəli, qeyri-müəyyənlik mövcuddur. Amma Putinin hakimiyyətinə ekzistensial təhlükə barədə danışmaq hələ tezdir. O, hələ də nəzarəti əlində saxlayır”, deyə Kremlə yaxın və yaxın zamanda prezidentlə görüşən bir şəxs deyib.

Yüksəkvəzifəli Avropa kəşfiyyat rəsmisi bildirib ki, hakimiyyətin zirvəsində olanların çoxu hazırda reallığı qəbul etmə mərhələsindədir, onlar həm döyüş meydanındakı, həm də iqtisadiyyatda artan problemləri görürlər, lakin buna qarşı addım planlaşdırmırlar.

“Onlar bunun aşağıya doğru trend olduğunu anlayırlar. Amma hələ heç kim ‘Bəs bununla bağlı nə etməliyik?’ sualını vermir”, deyə Avropa kəşfiyyat rəsmisi vurğulayıb.

Poliqon.info

Seçilən
82
50
poliqon.info

10Mənbələr