AZ

Putinin yeni kabus təyyarəsi - "Slon" Rusiyanı xilas edəcək, yoxsa batıracaq?

Cəbhədəki böyük itkilərə və son illərin iqtisadi çətinliklərinə baxmayaraq, Rusiya sanki Soyuq müharibə dövrünün tarix səhifələrindən çıxmış meqa-layihələrin icrasından imtina etmir.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, Rusiya mediası yenidən nəhəng İl-100 "Slon" (Fil) nəqliyyat təyyarəsini gündəmə gətirib.

Rusiya tərəfi xatırladıb ki, İl-100 təyyarəsi İl-276 ilə birlikdə Ulyanovskda yerləşən "Aviastar" zavodunda istehsal olunmalıdır.

İl-276 modeli İl-76 nəqliyyat təyyarəsinin yüngülləşdirilmiş versiyası kimi təqdim edilir. Bu layihə Moskva üçün vacib olsa da, dünyada bir neçə birbaşa analoqu olduğu üçün o qədər də böyük maraq kəsb etmir. Bununla belə, İl-100 öz ölçüləri və imkanları nəzərə alınmaqla demək olar ki, unikal bir nümunəyə çevrilməlidir. Rusiya aviasiya sənayesinin hazırkı vəziyyətini nəzərə alsaq, bu, ölkənin son illərdə daxil olduğu obyektiv reallığa qarşı əsl meydan oxuma kimi görünür. Lakin burada diqqətəlayiq bir neçə məqam var.

Digər iddialı layihə olan PAK DA strateji bombardmançı təyyarəsindən fərqli olaraq, ruslar "Slon" barədə təəccüblü dərəcədə tez-tez danışır və hətta onun xarici görünüşünü nümayiş etdirirlər. Keçən ilin sonunda Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix bildirib ki, hazırda "Aviastar" zavodunun güclü texniki yenidən qurulması ərəfəsindədirlər və yeni İl-100 təyyarələrinin buraxılış proqramı üzrə layihələndirmə işləri artıq aparılır. Daha əvvəl isə M. E. Jukovski adına Mərkəzi Aerohidrodinamika İnstitutunda (ÇAGİ) İl-100 modelinin aerodinamik sınaqlarının ilk dövrünün başa çatdığı məlum olub.

Genişmiqyaslı müharibənin başlaması, ehtimal ki, layihənin müddətinə təsir göstərib, lakin görünən odur ki, Rusiya bu nəhəng nəqliyyat təyyarəsini yaratmaqdan imtina etməyib.

"Slon"un tutacağı mövqeyi anlamaq üçün Rusiyanın hərbi-nəqliyyat aviasiyasının strukturuna nəzər salmaq lazımdır.

Hazırda bu struktur aşağıdakı kimidir:

An-26, An-72, An-12 – Sovet dövründə hazırlanmış yüngül və orta ölçülü nəqliyyat təyyarələri;

İl-76 – Ağır nəqliyyat təyyarəsi, Rusiyanın əsas "işçi qüvvəsi";

An-124 "Ruslan" – Rusiyanın ən ağır nəqliyyat təyyarəsi.

Rusların son illərdə aktiv şəkildə istehsal etdiyi döyüş təyyarələrindən fərqli olaraq, hərbi-nəqliyyat aviasiyası dərin böhran içindədir. Bu gün Rusiya yalnız tək-tük sayda yeni İl-76 təyyarələri tikə bilir.

'Слон' у посудній лавці: Росія розробляє найбільший літак у своїй сучасній історії

"Defense Express" portalının hesablamalarına görə, ötən il Rusiya müdafiə sənayesi cəmi 7 ədəd İl-76MD-90A hərbi-nəqliyyat təyyarəsi istehsal edərək təhvil verib. Eyni zamanda, ölkənin nəqliyyat aviasiyası parkının təxminən 40%-ni köhnə An-12, An-26 və An-72 təyyarələri təşkil edir. "Dallas" özəl kəşfiyyat şirkətinin məlumatına görə, hazırda Müdafiə Nazirliyi, Rosqvardiya və FTX aviasiyasının silahlanmasında təxminən 370 ədəd "An" seriyalı təyyarə var və onların 140-a yaxınının təmirə ehtiyacı var.

Lakin əsas problem heç də təmir deyil. Hazırda bu maşınları əvəz edəcək faktiki heç bir alternativ yoxdur. Bəzən alternativ kimi İl-114-300 göstərilsə də, bu, sərnişin təyyarəsidir və sərt şəraitə, eləcə də torpaq aerodromlarına pis uyğunlaşıb. Hərbi-nəqliyyat təyyarəsi olan İl-112-nin yaradılması layihəsi isə tamamilə iflasa uğrayıb - 2021-ci ildə yeganə uçuş nümunəsinin qəzaya uğramasından sonra ruslar ümumiyyətlə bu layihəni xatırlamamağa çalışırlar.

Köhnə İl-76 təyyarələri yavaş-yavaş modernləşdirilmiş İl-76MD-90A ilə əvəz olunsa da, "Ruslan"ı məhz İl-100 əvəz etməlidir.

Əgər İl-76 varsa, ifrat dərəcədə ağır təyyarələrə nə dərəcədə ehtiyac var?

Fakt budur ki, İl-76 və An-124 modelləri arasında yükqaldırma qabiliyyəti və yük bölməsinin ölçüləri baxımından nəhəng fərq var. An-124 təyyarəsi 120 tona qədər yük daşıya bildiyi halda, modernləşdirilmiş İl-76MD-90A-nın yükqaldırma qabiliyyəti cəmi 50-60 ton civarındadır. An-124-ün amerikalı analoqu olan "Lockheed C-5 Galaxy" də yükqaldırma qabiliyyətinə görə "Ruslan"dan nəzərəçarpan dərəcədə geri qalır. Lakin amerikalıların əlində bu təyyarələrdən çox sayda olduğu halda, Rusiya Müdafiə Nazirliyinin sərəncamında resursu sürətlə tükənən cəmi on ədəd An-124 var.

Böyük yükqaldırma qabiliyyəti unikal əməliyyatlar keçirməyə imkan verir. "Ruslan" vasitəsilə S-400 və ya S-500 zenit-raket komplekslərinin atıcı qurğuları kimi çox böyük qabaritli yükləri daşımaq mümkündür. Təyyarə bir dəfəyə böyük sayda desant, ağır zirehli texnika və ya məsələn, beş ədəd Mi-8 helikopteri nəql edə bilir.

"Ruslan"ların əhəmiyyətini anlayan Rusiya vaxtilə onun istehsalını Ukrayna ilə birlikdə bərpa etmək istəyirdi. 2013-cü ilin iyulunda Moskva və Kiyev baş nazirlər səviyyəsində An-124-100 təyyarəsinin istehsalı üzrə birgə müəssisənin yaradılması barədə razılığa gəlmişdilər. Hətta Rusiyanın "Aviastar-SP" zavodunda işlərə başlanılmışdı. Lakin Krımın ilhaqı və müharibə bu planların üstündən birdəfəlik xətt çəkdi. An-124-ü müstəqil şəkildə istehsal etməyə Rusiyanın gücü çatmadı, çünki rusların özlərinin də etiraf etdiyi kimi, təyyarənin konstruksiyası barədə bütün texniki biliklər və lazımi məlumatlar ukraynalılara məxsusdur.

'Слон' у посудній лавці: Росія розробляє найбільший літак у своїй сучасній історії

Nəzəri olaraq "Slon"un imkanları ruslara 400 əsgər və 5 ədəd "Sprit" özüyeriyən tank əleyhinə artilleriya qurğusunu, yaxud 400 əsgər və 14 ədəd zirehli "Tavr" maşınını daşımaq imkanı verəcək. ÇAGİ mütəxəssislərinin sözlərinə görə, böyüdülmüş füzelyaj sayəsində təyyarə böyük həcmdə yükləri hesablanmış məsafəyə çatdıra biləcək, modifikasiya olunmuş qanad ucluqları isə yüksək aerodinamik keyfiyyəti təmin edəcəkdir.

İstehsalçı kimi Ulyanovskun "Aviastar" zavodunun seçilməsi tamamilə məntiqli addımdır. Müəssisə uzun müddətdir ki, İl-76MD-90A nəqliyyat təyyarələrinin, İl-78M-90A yanacaqdoldurma təyyarələrinin istehsalı, habelə An-124 təyyarələrinin servis xidməti üzrə ixtisaslaşıb. Yəni zavod böyük təcrübəyə və müvafiq istehsal güclərinə malikdir. Nəzəri olaraq "Aviastar" ildə 50-yə qədər təyyarə buraxa bilər, lakin bu planların qarşısını Ukrayna kəsdi.

Hələ mart ayında Ukrayna Müdafiə Qüvvələri "Aviastar"ın infrastrukturuna zərbələr endirmiş və təyyarə yığma sexinin zədələndiyi bildirilmişdi. Bununla belə, Rusiya böyük uçuş aparatlarının tikintisi imkanlarını, əsasən sovet layihələri hesabına olsa da, qoruyub saxlayır.

İl-100-ün istehsalına mane olan amillər isə qat-qat çoxdur. Birincisi, layihə hələ də çox erkən mərhələdədir. Sadə dillə desək, gələcək təyyarənin dəqiq necə görünəcəyi hələ də məlum deyil. Aerodinamik boruda sınaq üçün nəzərdə tutulan modelin fotoşəklinə inansaq, o, demək olar ki, "Ruslan"ın tam surəti olacaq. Eyni zamanda, Rusiya Müdafiə Nazirliyinin patentindəki təsvir tamam fərqli bir "ifrat ağır nəqliyyat təyyarəsini" nümayiş etdirir ki, bu da İl-76 və "Ruslan"ın hibridini xatırladır və Amerikanın C-5 Galaxy modelinə şübhəli dərəcədə bənzəyir. Ehtiyatla ehtimal etmək olar ki, ruslar hələ də konkret olaraq nə əldə etmək istədiklərini tam anlamırlar. Bunun da öz izahı var.

Aviasiya eksperti Anatoli Xrapçinski bildirir ki, təyyarə istehsalı sahəsində əksər texnologiyalar və imkanlar itirilib:

"Rusiya fransız avionikasından, kompüterlərdən və prosessorlardan - yəni aviasiyanın ehtiyac duyduğu hər şeydən asılıdır. Bütün pulların müharibəyə, raketlərə, pilotsuz təyyarələrə və digər hərbi layihələrə getdiyini nəzərə alsaq, bu cür layihələrə vəsait sadəcə qalmır".

Ekspertin sözlərinə görə, yeni nəqliyyat təyyarəsinin bütün problemləri arasında biri xüsusilə fərqlənir: mühərriklər. İl-100 üçün baza həlli kimi 35 ton dartı qüvvəsinə malik PD-35 mühərriki nəzərdən keçirilir. Bir tərəfdən bu yeni aqreqatdır, digər tərəfdən isə o, Rusiyanın MS-21 avialayneri üçün nəzərdə tutulmuş mövcud PD-14 mühərriki bazasında yaradılır. Onlar eyni ailəyə məxsus olsalar da, aralarında böyük fərq var: PD-14 real olaraq mövcuddur, PD-35 isə yoxdur.

Əslində PD-35 Çin-Rusiya birgə layihəsi olan CR929 layneri üçün nəzərdə tutulmuşdu. Lakin genişmiqyaslı müharibə başladıqdan sonra Çin tərəfi layihədə Rusiyanın iştirakından imtina etdi və layihənin adından "R" hərfi ilə birlikdə bütün Rusiya komponentləri çıxarıldı. Bu gün Çinin C929 layneri Qərb şirkətləri ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Rusların layihədən kənarlaşdırılması PD-35 mühərrikinin inkişafına ağır zərbə vurdu və işlər daha da ləngidi.

Sonradan məlum oldu ki, məhsulun bəyan edilmiş xüsusiyyətlərini təsdiqləmək mümkün olmayıb - ruslar gileylənirlər ki, PD-35 vəd edilən 35 ton əvəzinə cəmi 26 ton dartı qüvvəsi nümayiş etdirir ki, bu da İl-100 üçün kritik fərqdir.

Alternativ olaraq, sovet dövründə xüsusi olaraq "Ruslan" üçün Zaporojyedə hazırlanmış D-18T mühərrikinin modernləşdirilmiş versiyası nəzərdən keçirilirdi. Lakin bu mühərriklərin istehsalı və təmiri müstəsna olaraq Ukraynada həyata keçirilirdi. Beləliklə, hələlik ruslara yalnız "arzulamaq" qalır.

"Rostex" rəhbəri Sergey Çemezov PD-35-in sertifikatlaşdırılmasının ən tez bir neçə ildən sonra mümkün olacağını bildirib. Ən nikbin ssenariyə görə, bu, yalnız 2027-ci ilin sonunda baş verə bilər. Bu gün PD-35 mühərriki üçün hətta sınaq stendləri belə yoxdur, çünki qurğunun təkcə pərinin diametri üç metrdən çoxdur.

'Слон' у посудній лавці: Росія розробляє найбільший літак у своїй сучасній історії

PD-35 ilə bağlı vəziyyət Moskva üçün unikal deyil. İlk dəfə 2010-cu ildə səmaya ucalan yeganə seriyalı Rusiya beşinci nəsil qırıcısı Su-57-nin hələ də ştat mühərriki yoxdur. Bunun əvəzinə 80-ci illərin sovet mühərrikinin modernləşdirilmiş versiyası olan AL-41F1 istifadə olunur ki, bu da təyyarəni faktiki olaraq beşinci nəsil səviyyəsinə qaldırmır. Bənzər problemlər yeganə mühərriki olan ən yeni Su-75 qırıcısının və gələcəkdə yaranacağı sual altında olan PAK DA bombardmançısının da qarşısındadır.

Mülki aviasiyada da vəziyyət eynidir. Anatoli Xrapçinskinin sözlərinə görə, istər MS-21, istərsə də "Sukhoi Superjet" təyyarələri üçün ilkin olaraq Fransa və ya Amerika mühərrikləri nəzərdə tutulmuşdu, yerli mühərriklər isə tələblərə cavab vermir. Buna görə də Rusiya hələ də Sovet İttifaqı dövründə hazırlanan köhnə təyyarələrlə yanaşı, Qərbin "Boeing" və "Airbus" maşınlarını istismar etmək məcburiyyətindədir.

Beləliklə, yaxın illərdə "Slon" layihəsinin müvafiq mühərrik, təcrübə və maliyyə tapılmadığı üçün reallaşdırılmamış proqramlar qəbristanlığına gömülmək üçün hər bir şansı var. İl-100-ün hekayəsi digər oxşar meqa-layihələrdən fərqlənmir və onun mediada aktiv şəkildə işıqlandırılması yalnız Rusiyanın getdikcə böyüyən real problemlərdən qaçmaq istəyindən xəbər verir.

Musavat.com

Seçilən
51
50
musavat.com

10Mənbələr