AZ

Səudiyyə Ərəbistanı “Shahed” tipli dronların istehsalına başlayır

Ər-Riyad yaxınlığında tikilən yeni zavod uzaqmənzilli kamikadze pilotsuz aparatlarının istehsalını həyata keçirəcək...

Səudiyyə Ərəbistanında İranın “Shahed” sisteminə bənzər döyüş dronlarının istehsalı üçün yeni layihəyə start verilib.

Poliqon xəbər verir ki, bu barədə “Semafor” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ müdafiə startapı ilə Səudiyyə şirkətinin birgə müəssisəsi Ər-Riyad yaxınlığında pilotsuz uçuş aparatları istehsal edəcək zavod inşa edir. Layihənin əsas məqsədi uzaqmənzilli zərbə dronlarının istehsalını təşkil etməkdir.

Layihə ABŞ-ın Yuta ştatında yerləşən “Vector Defense” şirkəti ilə Səudiyyə Ərəbistanının “SR2 Defense Systems” startapının tərəfdaşlığı əsasında yaradılmış “SR2Vector” şirkəti tərəfindən həyata keçirilir.

Yeni müəssisədə “SKYWASP” adlı kamikadze tipli zərbə dronlarının istehsalı planlaşdırılır. Bildirilir ki, bu pilotsuz aparatların uçuş məsafəsi 1500 kilometrə qədər olacaq. Bu göstərici Səudiyyə Ərəbistanının şimal-şərq hissəsindən İranın paytaxtı Tehrana qədər olan məsafəyə təxminən uyğundur.

“SR2” şirkətinin həmtəsisçisi Lüsyen Ziqler layihənin Səudiyyə Ərəbistanının çəkindirmə potensialını gücləndirməyə yönəldiyini bildirib. Bununla belə, o, proqramın icra müddəti, investisiya həcmi və illik istehsal gücü ilə bağlı detalları açıqlamayıb.

Ekspertlər hesab edirlər ki, bu təşəbbüs Yaxın Şərqdə pilotsuz döyüş sistemləri sahəsində rəqabətin daha da güclənəcəyindən xəbər verir. Son illərdə İran istehsalı “Shahed” dronlarının müxtəlif münaqişələrdə geniş istifadəsi region ölkələrinin analoji texnologiyalara marağını artırıb.

Poliqon.info

Seçilən
63
24
poliqon.info

10Mənbələr