AZ

Pekin böyük oyuna keçir: Rusiya sərhədində minlərlə kilometrlik nüvə kompleksi

Çin nüvə potensialını görünməmiş miqyasda genişləndirir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki,, Pekin Sincan bölgəsinin səhralıq ərazilərində, Rusiya və Monqolustan sərhədlərinə yaxın zonada strateji nüvə qüvvələri üçün nəhəng hərbi infrastruktur qurur.

Söhbət Çinin son onilliklərdə həyata keçirdiyi ən böyük nüvə genişlənməsi layihəsindən gedir. Yeni obyektlər ABŞ-ın mümkün ilk zərbəsi halında belə Çinin cavab nüvə imkanlarının sıradan çıxmaması məntiqi üzərində qurulur. İnfrastruktur ölkənin əsas qitələrarası ballistik raket bazalarından biri sayılan Hami raket bölgəsinin yaxınlığında yaradılır. Həmin raketlərin ABŞ ərazisini vura bildiyi qeyd olunur.

Reuters-in xəbərinə görə, layihəyə 80-dən çox beton start meydançası, üç iri səkkizbucaqlı kompleks, çoxsaylı möhkəmləndirilmiş bunker, yeraltı kommunikasiya sistemi, peyk rabitəsi qovşaqları, dəmir yolu xətləri, aerodromlar və silah anbarları daxildir. Bütün obyektlər səhranın dərinliklərinə qədər uzanan yol və kommunikasiya şəbəkəsi ilə bir-birinə bağlanır.

Sakit Okean Forumunun tədqiqatçısı Aleksandr Neillin fikrincə, tikinti “minlərlə kvadrat kilometr ərazini əhatə edən nəhəng miqyasda” həyata keçirilir. Məqalədə yer alan ekspert rəylərinə görə, bəzi obyektlər mobil qitələrarası raket qurğuları, hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələri üçün nəzərdə tutula bilər.

Karnegi Beynəlxalq Sülh Fondunun əməkdaşı Çjao Tun hesab edir ki, komplekslərin bir hissəsi Çinin strateji nüvə qüvvələrinin idarəetmə və komanda sistemi ilə bağlıdır. Onun sözlərinə görə, qeyri-adi səkkizbucaqlı strukturlar və xüsusi qüllələr nüvə əməliyyatlarının idarəetmə-kommunikasiya mexanizminə xidmət edə bilər.

Ekspertlər hesab edir ki, Pekin bununla ABŞ-la nüvə balansında daha təhlükəsiz mövqe tutmağa çalışır. Lakin obyektlərin Rusiya sərhədinə yaxın ərazidə tikilməsi regionda yeni geosiyasi suallar da yaradır: Moskva bunu sakit qarşılayacaq, yoxsa gələcəkdə yeni strateji narahatlıqlar yaranacaq?

Musavat.com

Seçilən
24
19
musavat.com

10Mənbələr