AZ

Lavrov Rubionu Kiyevə yeni zərbələrlə bağlı xəbərdar etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında Kiyevə yeni zərbələr barədə Vaşinqtonu məlumatlandırıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamaya görə, Lavrov söhbət zamanı Rusiya Silahlı Qüvvələrinin Kiyevdə yerləşən və Ukrayna ordusunun ehtiyacları üçün istifadə olunduğu iddia edilən obyektlərə sistemli zərbələrə başladığını bildirib. O, bu addımların Rusiya Prezidenti Vladimir Putinin tapşırığı əsasında atıldığını Rubionun diqqətinə çatdırıb.

Rusiya XİN-in məlumatında qeyd olunur ki, Lavrov ABŞ dövlət katibinə Kiyevdəki diplomatik personalın təxliyəsinin təmin olunması ilə bağlı tövsiyələri də xatırladıb.

Telefon danışığı zamanı Lavrov “Avropa elitalarının və Kiyev rejiminin aqressiv səylərinin” Ankoric razılaşmalarını pozduğunu iddia edib.

Nazirliyin açıqlamasına görə, Lavrov və Rubio Rusiya və ABŞ-ın bir-birinin ərazisində diplomatik missiyalarının fəaliyyətinin normallaşdırılması istiqamətində səyləri artırmağa hazır olduqlarını təsdiqləyiblər.

Tərəflər həmçinin Hörmüz boğazındakı böhranın nizamlanması üzrə diplomatik təşəbbüsləri və Kuba ətrafındakı vəziyyəti müzakirə ediblər.

 

Musavat.com

Seçilən
22
3
musavat.com

10Mənbələr