Turkstan.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
VII Yazı
Bu baxımdan bugünkü Azərbaycan Respublikasında dilimizin adının Azərbaycan dili deyil, Türk dili adlandırılması, siyasi anlamda azərbaycanlı olmaqla yanaşı Türk kimliyimizin ifadə edilməsi tələblərinin irəli sürülməsinin milliyyətçilik, ya da millətçiliklə aşağı-yuxarı heç bir əlaqəsi yoxdur. Bu, ilk növbədə Türk dünyagörüşünə, Türk tarixinə, Türk fəlsəfəsinə, Türk ədəbiyyatına, Türk dövlətçiliyinə bağlılıqdan irəli gələn zərurətdir. Çünki dövlətimizin adı ilə (Azərbaycan) dilimizi, ədəbiyyatımızı, tariximizi, dövlətçiliyimizi məhdudlaşdırmaqla əslində özümüz öz əlimizlə düşmənlərimizə əsaslı bəhanələr vermiş oluruq. Hər halda dövlətin adı ilə bağlı olan anlayışlarla bir milləti, onun dilini, ədəbiyyatını ancaq müəyyən bir çərçivədə ifadə etmək mümkündürsə, ancaq hər hansı bir ideya, dünyagörüş əsasında isə onun sərhədləri daha da genişlənir. Bu anlamda “Azərbaycan” ideyası daha çox tarixi-coğrafi Azərbaycanı və burada yaşayan türk, qeyri-türk bütün etnosları vahid mədəniyyət, dövlətçilik çatısı altında bütünləşdirdiyi halda, ancaq onu Türk dünyagörüşündən, Türk dövlətçilik ənənələrindən uzaq tutmaq əsas nüvədən məhrum etmək deməkdir.
Türk dünyagörüşünə əsaslanmayan, yəni milli nüvəsi Türklükdən uzaq tutulan “Azərbaycan” ideyası isə o deməkdir ki, onun ən yaxşı halda varlığı təqribən 100 il civarındadır. Onsuz da, bunu anti Azərbaycan, anti Türk düşmənləri hər fürsətdə dilə gətirirlər, yazırlar. Belə olduğu təqdirdə, dilimizin Türk dili, ədəbiyyatımızın Türk ədəbiyyatı, fəlsəfi fikrimizin Türk fəlsəfi fikir tarixi adlandırılmasının qəti əleyhinə olub yeri gəldi gəlmədi, anlamı oldu, ya da olmadı hər şeyi yalnız “Azərbaycan” anlayışı çəçivəsində görmək doğru deyildir.
Bir şey unutmaq olmaz ki, təqribən 100 il öncə “Azərbaycan” ideyasını ortaya atıb onu bir Türk dövlətinin rəsmi adı halına gətirənlər üçün başlıca qayə Azərbaycan türklərini, o cümlədən də digər etnosları vahid bir çatı (mədəni, dil, adət-ənənə, iqtisadi, tarixi, ədəbiyyat və s.) altında tutmaq olmuşdur. Ancaq bütün hallarda ilk dəfə siyasi məfkurə kimi ortaya atılan “Azərbaycan” ideyasının da canı, qanı, ruhu bir sözlə, əsas varlığı Türk dünyagörüşü, Türklük/Turançılıq fəlsəfəsi idi. Bu qətiyyən dəyişə bilməz, heç bir zaman dəyişməyəcək də!
Hazırda əsasən, quzeyli-güneyli Azərbaycan Türk aydınları olaraq əsil həqiqətləri ortaya qoymaq, daha sonra da doğru olanları gerçəkləşdimək yerinə milli iradəsizliyimizdən, yarımçıq milli təfəkkürümüzdən dolayı ya müdafiə olunmaqla, ya da susmaqla kifayətlənirik. Halbuki milli konsepsiyamızın çox vacib olan ilk iki ideyasını, yəni türklüyümüzü və azərbaycanlığımızı heç olmasa müəyyən bir dərəcədə anlamış olsaq, o zaman daima müdafiə olunmağın millətin böyüməsi və inkişafı yolunda ciddi əngəl olduğunu daha dərindən dərk etmiş olarıq. Milli konsepsiyanın milli fəlsəfi dərki dedikdə də, ilk növbədə türklüyün və azərbaycanlılığın bütünlüyü məsələsinin hansı şəkildə təqdim olunması anlaşılmalıdır. Burada da ən önəmlisi dövrün şərtlərinə uyğun olaraq milli konsepsiya ilə bağlı olan ideyaları zor-xoş marginallaşdırmaq deyil, bəlkə də əksinə milli nüvə ətrafında daha da zənginləşdirməkdir. Hər halda son illərdə dünyada, o cümlədən Türk Dünyası daxilində baş verən proseslər milli konsepsiyanın vacibliyini bir daha ortaya qoymaqdadır. Şübhəsiz, milli konsepsiyanın dördayaqlı çatı (türklük, azərbaycanlılıq, islamlıq, insanlıq) üzərində qurulması və inkişafı da əsas qayə təşkil etməkdədir.[1]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 44 günlük Vətən müharibəsi və birgünlük antiterror hərbi əməliyyatdan sonrakı dövrdə Azərbaycanla bağlı olan “əsas milli ideya və ideyalarımız”, “yeni dövrün yeni hədəflərimiz” gəlincə,[2] şübhəsiz, yeni hədəflərimiz də Azərbaycançılıq təlimi və Türkçülük əsasında güclü, qüdrətli Azərbaycan dövlətçiliyi, 55-60 milyonluq Azərbaycan xalqının bütövlüyü və Türk xalqlarının birliyidir (Türk Dövlətləri Təşkilatı). Ona görə də dövlət başçısı İlham Əliyevin əsas milli ideya ilə bağlı dedikləri mövcud milli ideya və ideyaların yeni şərtlər daxilində şərh olunması və müfaviq baxışların formalaşmasıdır.[3]
Dövlət başçısı İlham Əliyevin milli ideya ya da milli ideologiya problemi ilə birbaşa bağlı olaraq yeni dövrdə “əsas milli ideya və ideyalarımız”, “yeni dövrün yeni hədəfləri”nin müəyyənləşməsi üçün irəli sürdüyü tezislərinin müxtəlif istiqamətdəki şərhləri başa düşüləndir. Bu kimi şərhlərin olması, Azərbaycan xalqının azərbaycançılıq və türkçülük kimi fundamental ideyaları ya da ideologiyaları çərçivəsində yeni milli ideya və ideyalarının müəyyənləşməsinə səbəb olacaqdır. Bizcə, burada Prezident İlham Əliyevin yeni dövrdə müəyyənləşməli olan “əsas milli ideya və ideyalarımız”ın əsasında da yalnız bəşəri dəyərlərə əsaslanan çağdaş ruhlu azərbaycançılıq və türkçülük dayanacaqdır. Başqa sözlə, biz Azərbaycan Respublikasının bütövlüyünə, suverenliyinə çağdaş ruhlu türkçülüyü, islamçılığı özündə ehtiva edən azərbaycançılıq (klassik azərbaycançılıq) olduğu kimi, bundan sonrakı yeni hədəflərimizə də yalnız və yalnız həmin ruhlu azərbaycançılıqla (postklassik azərbaycançılıqla) çata biləcəyik.
Sadəcə, yeni dövrdə yeni hədəflər üçün əsas milli ideyamız və ideyaların müəyyənləşməsi baxımından artıq azərbaycançılıq və türkçülüyün klassik və postklassik mərhələlərini fərqləndirmək lazımdır. Əslində türkçülüyün klassik anlamdan yeni bir mahiyyət kəsb etməsi, başqa sözlə postklassik ya da yeni türkçülüyə keçməsi bir müddət əvvəl baş verdiyi halda, azərbaycançılığın postklassik dövrü son illərdə gerçəkləşməkdədir. Biz, Türkçülüyün keçdiyi mərhələləri aşağıda geniş şəkildə tədqiq və təhlil etdiyimiz üçün, burada Azərbaycançılıq üzərində dayanacağıq.
yeni dövrdə azərbaycançılığın nəzəri əsaslarının işlənilməsi və əməli şəkildə tətbiqi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində baş vermişdir. Belə ki, 1828-1917-ci illər arasında azərbaycançılığın nəzəri əsasları işlənib hazırlanmış, 1918-1920-ci illərdə isə onun əməli şəkildə həyata keçməsi reallaşmışdır. 1920-ci ilin 27 aprelindən 1991-ci ilin 18 oktyabrınadək azərbaycançılıq əsil mahiyyətini qorumaq üçün həm ölkə daxilində, həm də ölkə xaricində “Sovet azərbaycançılığı” ideyasının tərəfdarları ilə mübarizə içində olmuşdur (Eyni mübarizəni Güney Azərbaycan xalqı İran Pəhləvilər və İran İslam hakimiyyətləri dövrlərində “İran azərbaycançılığı”na qarşı veriblər və bu proses davam etməkdədir).
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra (1991) yenidən cümhuriyyətçi azərbaycançılıq – müstəqil azərbaycançılıq dirçəldilməyə başlasa da, ancaq bu çox da asan olmamış “Sovet azərbaycançılığı” da bu və ya digər formada öz mövcudluğunu sürdürməyə davam etmişdir. Bizcə, Vətən müharibəsinın Zəfər günü ilə nəticələnməsi “Sovet azərbaycançılığı”na ciddi zərbə olub, cümhuriyyət azərbaycançılığı-müstəqil azərbaycançılıq keçmiş SSRİ dövründəki müsbət elementləri də özündə ehtiva etməklə qalib bir vəziyyətə gəlib çıxdı. Bununla da, azərbaycançılıq özünün ilkin mahiyyətini əsasən bərpa etməklə böyük bir mərhələni yekunlaşdırmışdır. Digər tərəfdən, cümhuriyyət azərbaycançılığının-müstəqil azərbaycançılığın Azərbaycan Respublikasında güclü bir hala gəlməsi, Güney Azərbaycanda İran İslam hakimiyyətinin “İran azərbaycançılığı” ideyasına ciddi zərbə olmuş, “bütöv Azərbaycan” ideyasını daha da aktuallaşdırmışdır.
Beləliklə, müstəqil azərbaycançılıq ya da cümhuriyyətçi azərbaycançılıq ideyasının 2-ci Qarabağ müharibəsindən sonra tamamilə üstün mövqeyə keçməsi ilə, artıq azərbaycançılıq özünün klassik dövrünü başa vuraraq postklassik dövrə - yeni azərbaycançılıq dövrünə qədəm qoymuşdur. Azərbaycançılığın klassik dövrü hesab etdiyimiz mərhələsi (1918-2020-ci illər), Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevin Prezidentliyinin ilk 20 illik hakimiyyəti dövründə, əsas hədəflərinə (Dağlıq Qarabağ və ətraf ərazilər işğaldan tamamilə azad olunması; ölkənin BMT tərəfindən tanınan 86,6 min km2 ərazi bütövlüyünə nail olunması; suverenliyin tam təsdiq olunması; konstitusional hüququn bərpa olunması və s.) çatması ilə yekunlaşmışdır.
Bu anlamda artıq Azərbaycan Respublikası üçün azərbaycançılığın postklassik dövründən bəhs etmək olar. Təbii ki, artıq postklassik azərbaycançılıq dövründə azərbaycançılığın yeni hədəfləri olmaldır. Bizcə, Prezident İlham Əliyevin də əhəmiyyətini itirən ideyalarla, yeni dövrdə müəyyənləşməli olan yeni “əsas milli ideya və ideyalarımız”la bağlı vurğuladığı xüsusları məhz azərbaycançılığın klassik dövründən (1918-2020) postklassik dövrünə (2020-...) keçid kimi qiymətləndirilməlidir.
Əgər klassik azərbaycançılığın əsas hədəfi əvvəlcə Azərbaycan Respublikasını yaratmaq, yəni milli dövlətin qurulması, daha sonra onu qoruyub saxlamaq, müstəqilliyini bərpa etmək, işğal olunmuş torpaqları azad etmək, suverenliyini bərpa etmək idisə, artıq postklassik azərbaycançılıq dövründə hədəflərimiz daha böyük, daha geniş çaplı olmaldır. Hər halda “klassik azərbaycançılıq” dövrü adlandırdığımızı azərbaycançılığın bu dövrünün hədəfləri Azərbaycan Respublikasını yaratmaq, yaşatmaq və müstəqilliyinin bərpasından sonrakı dövrünün böyük bir qismi onu qoruyub saxlamağa, ərazi bütövlüyünə nail olmağa, milli dirçəliş və suverenliyin bərpasına yönəlmişdir.
Ancaq 2-ci Qarabağ müharibəsindən (2020) sonra artıq Azərbaycan Respublikası da dünənki Azərbaycan olmadığı kimi, Türk dünyası da əvvəlki Türk dünyası deyil. Ona görə də, postklassik azərbaycançılıq ya da yeni azərbaycançılığın yeni hədəfləri və əsas milli ideyası reginonal güclü dövlət, 55-60 milyonluq Azərbaycan xalqının dövləti və “Türk ailəsi”, yəni Türk xalqlarının bütün sahələrdə birliyinin olması qədər təbii heç nə ola bilməz. Bu günün Azərbaycan Respublikası və onun əsas ideyası olan azərbaycançılığın (postklassik azərbaycançılıq) regional güclü dövlət, dünya azərbaycanılılarının dövləti olması, buna paralel olaraq dünyada real güclərdən birini (TDT çərçivəsində) hədəfləməsi ən doğru olanıdır.
[1] Ələkbərli F.Q. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər).
Üç cilddə, II cild (Birinci kitab).Bakı, “Elm və təhsil”, 2023, s.29-30
[2] Əliyev İ. H. İnkişaf – məqsədimizdir. 133-cü kitab. Bakı, Azərnəşr, 2024, s.55-56
[3] Əliyev İ. H. İnkişaf – məqsədimizdir. 133-cü kitab. Bakı, Azərnəşr, 2024, s.56
OXŞAR XƏBƏRLƏR

Kəlbəcər Muzeyinin materialları əsasında - Türk Dünyası tarixinin öyrənilməsinin aktual problemləri
09:03

"Türk dövlətləri birliyi: qlobal inteqrasiyanin türk modeli kitabina" bir neçə söz
22 May 14:07

CAVANŞİR FEYZİYEVİN KİTABI HAQQINDA BİR NEÇƏ SÖZ
21 May 16:46

QARDAŞLIĞIN RƏNGİ – Rənglərin qardaşlığında…
21 May 14:33

Bakıdan dünyaya şəhərsalma mesajı: WUF13 və müasir Azərbaycanın quruculuq fəlsəfəsi
20 May 20:14

SABİR RÜSTƏMXANLI - 80
20 May 14:21

Dillərdən-dillərə keçən bir könül sualı – NECƏSƏN?
19 May 16:31

Çiçək pıçıltısı, şimşək çaхışı, könül hayqırışı! – Dağların qədəhində ömür sağlığı
19 May 14:28

Qalib Çinar
19 May 10:24

Oljas Süleymenov yaradıcılığının konseptosferası
19 May 09:58

Dama-dama papaqlı, zolaq-zolaq köynəkli - Rəsul Rza–116
19 May 09:38

Bir əfsanənin qorundan işığa dönən yazar
19 May 09:25

Bir daha Himnimiz haqqında
19 May 09:18

Doğanın mənasına yetmək – insanlıq borcudur
19 May 09:13

1918-ci ilin qanlı Mart soyqırımı
19 May 08:55

Millli konsepsiyamızın fəlsəfi əsasları: azərbaycançılılıq, türklük, islamlılıq və insanlıq
19 May 08:42

Söz mühəndisi - İsi Məlikzadə-92
19 May 08:38

Azərbaycan modeli: Sosial harmoniya və birgəyaşayış təcrübəsi – TƏHLİL
18 May 16:08
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.