Sıravi insanlar üçün tətil çimərlik və ya dağ kurortu arasında seçim etmək deməkdirsə, super-zənginlər üçün hər şey tamamilə fərqlidir. Onlar üçün istirahət sadəcə hoteldə uzanmaq yox, hər bir detalı xüsusi olaraq layihələndirilmiş reallıqdır. Bu elə bir dünyadır ki, orada şəxsi hərbi taktikadan tutmuş, buzlaqlar üzərində helikopterli və saunalı ekspedisiyalara, yaxud olimpiya çempionlarının fərdi məşqlərinə qədər ağla gələn hər bir təəssüratı sifariş etmək mümkündür.
Bizim.Media xəbər verir ki, bu barədə "The Post" qəzeti məşhur jurnalist Mark Ellvuda istinadən geniş araşdırma dərc edib.
Araşdırmada qeyd olunur ki, ultra-lüks turizm sənayesi çoxdan sadəcə beşulduzlu hotellər və villalar çərçivəsindən çıxıb. Bu gün bir tətilin qiyməti milyonlarla dollarla ölçülür, fərdiləşdirmə səviyyəsi isə Hollivud filmlərinin çəkiliş meydançasını xatırladır.
Məsələn, təxminən 20 nəfərdən ibarət zəngin dost qrupu ABŞ-ın Yuta ştatındakı səhralıqda tətil keçirmək üçün 2.5 milyon dollar ödəyib.
Onların tətili real hərbi film ssenarisinə çevrilib: səhrada onları ABŞ hərbi dəniz qüvvələrinin 8 keçmiş xüsusi təyinatlısı ("dəniz pişiyi") qarşılayıb və onlara xüsusi əməliyyat taktikalarını öyrədib.
Daha sonra "girovların xilas edilməsi" adlı irimiqyaslı oyun başlayıb. Prosesə qaçırılmış insan rolunu oynayan peşəkar aktyorlar və 100-dən çox peyntbol oyunçusu cəlb olunub. Qaliblər helikopterlə birbaşa şam yeməyinə təxliyə edilib, uduzanlar isə avtomobillə geri qayıtmalı olublar.
Bu növ tətilləri təşkil edən "EXP Journeys" agentliyindən Kevin Cekson bildirir ki, onlar üçün standart paketlər 75 000 dollardan başlayır, lakin ən böyük büdcələr bir tətil üçün 3.5 milyon dollara qədər yüksəlir.
Milyarderlər üçün ən vacib amil tam məxfilikdir (privatlıq). Yuxarıda qeyd olunan peyntbol missiyası üçün Yuta ştatındakı 44 otaqlı məşhur "Amangiri" kurortu tamamilə bağlanıb. Orada bir otağın bir gecəlik qiyməti 5 000 dollardan başlayır. Belə hallarda hotellər digər müştərilərə xidmət göstərə bilmədikləri üçün hesaba əlavə olaraq 5-10% "narahatlıq haqqı" da əlavə edirlər.
"Scott Dunn Private" agentliyindən Culs Mori isə bildirir ki, Afrikada safari turları zamanı müştərilər bütün otaqlardan istifadə etməsələr belə, ərazidəki lodjları (kottecləri) tamamilə nömrəbənömrə satın alırlar. Çünki yan otağın boş qalması onlar üçün lüksün bir hissəsidir.
Eyni üsulla əfsanəvi "Venice Simplon-Orient-Express" qatarının 28 vaqonunu bir gecəlik tam bron etmək 230 000 dollara başa gəlir və zənginlər bunu sadəcə status nümayişi üçün edirlər.
"Cookson Adventures" kimi minimum büdcəsi 150 000 dollardan başlayan agentliklər isə daha fərqli istəkləri reallaşdırır. Məsələn, onlar Ekvador hökuməti ilə danışıqlar apararaq, real ekoloji layihələrə maliyyə yardımı müqabilində milyarderlərin helikopterlərinə Qalapaqos adaları üzərində uçmaq üçün xüsusi icazə alıblar.
Bəzən isə istəklər absurd dərəcədə böyük olur. Bir müştəri Türkiyənin Kapadokya bölgəsində, mövsüm xaricində mükəmməl bir kadr tutmaq üçün təkcə öz fotoşəkili xatirinə eyni anda səmada 50-60 hava şarının uçurulmasını təşkil etmək istəyib və bunun üçün milyonlar təklif edib.
Digər bir zəngin isə 10 və 13 yaşlı qızlarının sörfinqi çempion səviyyəsində öyrənməsi üçün Olimpiya mükafatçısı olan peşəkar sörfçünü şəxsi məşqçi kimi kirayələyib və bu tətilə 250 000 dollar xərcləyib.
Ultra-zənginlərin dünyasında qiymət artıq bir məhdudiyyət deyil, sadəcə texniki tənzimləmə parametridir. Qalan hər şey insanın fantaziyasına, logistikaya və planetin istənilən nöqtəsini ideal istirahət üçün şəxsi səhnəyə çevirmək bacarığına əsaslanır.
Bizim.Media