"Mənə sual verirlər ki, travmalarımı necə unuda bilərəm? Birincisi, maraqlıdır ki, siz nəyə travma deyirsiniz? Çünki sizin travma dediyiniz şey başqası üçün normal, hətta yaxşı bir şey ola bilər".
Ölkə.Az xəbər verir ki, bunu klinik psixoloq Fuad Əsədov deyib. O bildirib ki, travma ilə bağlı işə yarayan bütün texnikaların ortaq bir fəlsəfəsi var:
"Məsələn, mənim xarici pasiyentlərim bəzən elə şeylərdən şikayət edirlər ki, sizin üçün onları yaşamaq bəlkə də yaxşı olar.
Digər tərəfdən, travma bəzən sadəcə insanın aşa bilmədiyi bir xatirədir. Və travma ilə bağlı işə yarayan bütün texnikaların ortaq bir fəlsəfəsi var. Travmatik xatirəni normallaşdırmaq. Siz bunu danışaraq edə bilərsiniz, həmin hadisənin keçmişdə qalıb bitdiyi ilə bağlı fərqindəliyinizi artıraraq edə bilərsiniz və ya peşəkar psixoloji dəstəklə edə bilərsiniz. Amma nə olursa olsun, yadda saxlamaq lazımdır ki, travma çox vaxt beyninizdə əvvəldən mövcud olan məna sisteminin nəticəsində yaranmış ağır bir xatirədir. Nə qədər qəribə səslənsə də deməliyəm ki, bir travmanı psixoterapevtik baxımdan ortadan qaldırmaq düşündüyünüz qədər çətin olmur".
Mütəxəssisin sözlərinə görə, bəzən insanlar travmanı həyatlarının dəyişməz bir parçası kimi görürlər:
"Halbuki insan beyni düşündüyümüzdən daha elastik və uyğunlaşa bilən bir sistemdir. Zaman, fərqindəlik və düzgün yanaşma ilə ən ağır xatirələr belə əvvəlki emosional gücünü itirə bilir. Məqsəd yaşananları unutmaq yox, artıq onların əsiri olmamaqdır".
Billurə