AZ

"Ölkəmizdə kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir" - DEPUTAT

"Ölkəmizdə kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir" - DEPUTAT"Ölkəmizdə kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir. Prezident İlham Əliyevin dünən keçirdiyi kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı bunu bir daha sübut etdi".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, cənab Prezident İlham Əliyev ilk dəfə ölkə başçısı vəzifəsinə seçiləndən sonra irəli sürdüyü ilk təşəbbüslərdən biri regional inkişaf proqramı və onun tərkib hissəsi kimi kənd təsərrüfatının inkişafı olub. 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi:

"Bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə bağlı nəinki regionlarda, Bakıda da böyük problemlər yaşanırdı, hətta uzun fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su təchizatı isə demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi.

Bu gün ölkə üzrə qazlaşdırmanın səviyyəsi 96 faizdir. Amma hələlik azad edilmiş torpaqlar istisnadır. Ölkə üzrə elektrik təchizatı ilə bağlı heç bir problem yoxdur. Hətta nəinki özümüzü təmin edirik, həm də böyük ixrac potensialımız yaradılıb. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları tikilmişdir, ilk növbədə Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq və digər istiqamətlər üzrə bir neçə dövlət proqramı qəbul edilmiş və bu sahələrə böyük təkan verilmişdir.

Əlbəttə ki, kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Düzdür, burada da təkmilləşdirmə üçün imkanlar var və bu, edilməlidir. Bu barədə də danışılacaq. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə və yanacaq güzəştləri. Deyə bilərəm ki, bu da dünyada nadir sayda ölkələrdə tətbiq edilir. Fermerlərə metodiki tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlər təqdim olunur".

Deputat vurğulayıb ki, bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr kənd təsərrüfatının inkişafına böyük təkan verib:

"Məsələn, əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə tənəzzülə uğrayırdı. Həm məhsuldarlıq çox aşağı səviyyədə idi, təqribən hektardan maksimum bir ton, köhnə dillə desək 10 sentner. Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər və ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Son nəticələrə görə 360 min tondan çox pambıq istehsal olunub və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük faydası olub.

Baramaçılıq faktiki olaraq sıradan çıxmışdı. Görülmüş tədbirlər və dövlət dəstəyi nəticəsində biz baramaçılığı da bərpa etdik. Bununla bağlı olan ipəkçilik də inkişaf etməyə başlayıb. Belə misallar çoxdur. Sadəcə olaraq bildirməliyəm ki, bizim bir çox istiqamətlər üzrə nəzərdə tutduğumuz vəzifələr icra edildi.

Ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika, ölkə başçısının da qeyd etdiyi kimi, kifayət deyil. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına və Hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın və qəbul edilsin. Bu proqram hərtərəfli və əhatəli olmalı, həm dövlət investisiyalarını, həm də özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər həmin proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir".

Deputat bildirib ki, bu gün dünyada gedən meyillər kənd təsərrüfatı istehsalına da mənfi təsir göstərir:

"Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə salıb. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməli və konkret addımlar atmalıdır.

Ölkə başçısının da qeyd etdiyi kimi, biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. İkinci vacib amil isə genişmiqyaslı urbanizasiyadır, yəni kəndlərdən şəhərlərə olan axın. Bu məsələ yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də öz əksini tapmışdır. Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xarakterik olan mənfi meyildir. Ancaq bəzi ölkələr bu problemin həlli üçün imkan tapa bilmir və ya düzgün strategiya müəyyənləşdirə bilmirlər.

Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı fərqlər minimuma endirilməlidir. Qeyd etdiyim regional inkişaf proqramlarının məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılsın ki, insanlar orada yaşasın, öz dədə-baba torpaqlarında çalışsın, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin-biçin və turizm imkanlarından yararlansınlar. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır.

Regional inkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələri də uğurla həyata keçirilib. Bütün rayon mərkəzlərində və şəhərlərdə müasir xəstəxanalar fəaliyyət göstərir, məktəb tikintisi geniş vüsət alıb. Düzdür, hələ də yararsız vəziyyətdə olan məktəblər var, amma onların sayı ildən-ilə azalır. Bizim 4 mindən çox məktəbimiz var və onların təxminən 80-90 faizi təmir edilib və ya yenidən tikilib. Ona görə də bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik.

Qəbul edilmiş proqramlar və qərarlar böyük dönüşə səbəb olub. Ancaq son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq bizi düşündürür və bu məqsədlə yeni Dövlət Proqramı hazırlanıb və qəbul ediləcək. Bununla əlaqədar bəzi rəqəmləri səsləndirmək istərdim. Bu, xüsusilə özəl sektora göndərilən siqnal və mesaj olacaq. Çünki dövlət qurumları bu rəqəmləri bilirlər. Özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır. Burada biznes nümayəndələrinin məsuliyyəti ön planda dayanmalıdır. Öz ölkələrinə bağlılıq və sərmayə qoyuluşu üçün daha münbit şərait yaradılmalıdır. Əlbəttə ki, biz müxtəlif mexanizmlərdən istifadə etməliyik. Həm güzəştli kreditlərdən, həm də digər alətlərdən istifadə olunmalıdır ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına daha böyük həcmdə sərmayə yatırmasına nail olaq".

Seçilən
1
2
sonxeber.az

8Mənbələr