Göyçayda zəncirvari avtoqəzada xəsarət alanların son durumu açıqlanıb.
TƏBİB-dən "Report"un Yuxarı Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (2 kişi, 4 qadın) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və açıq sınıqları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən 2 nəfərin (1 kişi və 1 qadın) müalicələri Cərrahiyyə şöbəsində, vəziyyəti ağır qiymətləndirilən 1 nəfərin (qadın) müalicəsi Anesteziologiya, Reanimasiya və İntensiv terapiya şöbəsində davam etdirilir. 2 nəfərin (qadın) müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, 1970-ci il təvəllüdlü şəxsin (kişi) bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, hadisə zamanı daha 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.