Rusiya Əfqanıstanda hakimiyyətdə olan Talibanla münasibətlərini yeni mərhələyə keçirir. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Moskva və Əfqanıstanda hakimiyyəti nəzarətdə saxlayan Taliban hərəkatı hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb.
Məlumata görə, sənəd Moskva vilayətində keçirilən beynəlxalq təhlükəsizlik forumunda imzalanıb. Razılaşmanın detalları açıqlanmasa da, belə sazişlər adətən silah tədarükü, hərbi texnologiyaların ötürülməsi, lisenziyalaşdırma və mümkün birgə hərbi layihələri əhatə edir.
Saziş Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə Əfqanıstanın müdafiə naziri, Talibanın qurucusu Molla Ömərin oğlu Məhəmməd mər arasında keçirilən görüşdən sonra imzalanıb. Məhəmməd Yaqub vaxtilə Talibanın hərbi komissarı kimi fəaliyyət göstərib.
Danışıqlarda Taliban tərəfi Rusiya ilə münasibətlərin genişləndirilməsində maraqlı olduqlarını bildirib. Şoyqu isə Qərb ölkələrini Əfqanıstanın dondurulmuş aktivlərini açmağa və ölkənin bərpasına maliyyə dəstəyi verməyə çağırıb.
Moskvanın bu addımı diqqət çəkən geosiyasi dönüş kimi qiymətləndirilir. Rusiya ABŞ qoşunlarının 2021-ci ildə Əfqanıstandan çıxmasından sonra Taliban hakimiyyətini faktiki olaraq tanıyan ilk ölkə sayılır. Daha sonra, 2025-ci ilin aprelində Rusiyanın Ali Məhkəməsi Talibanın Rusiya ərazisində terror təşkilatı kimi qadağan olunması barədə qərarın icrasını dayandırıb.
Musavat.com