ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Prezident İlham Əliyevin Müstəqillik günündə Şuşa, Xankəndi və Xocalıya növbəti səfəri vacib mesajlarla yadda qaldı. Dövlət başçımızın Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşü, Azərbaycanın müstəqilliyi, suverenliyi barədə səsləndirdiyi fikirlər ölkəmizin keçdiyi şərəfli yolun mahiyyətini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev sakinlərlə görüş zamanı vurğuladı ki, Azərbaycan xalqı artıq milli bayramlarımızı doğma Qarabağ torpağında da qeyd edir. Bu, uzun illərin həsrətindən sonra əldə olunmuş böyük xoşbəxtlik və tarixi ədalətin bərpasıdır. Dövlət başçımızın da qeyd etdiyi kimi, vaxtilə tamamilə dağıdılmış kəndlərdə artıq yeni evlər tikilir, yollar çəkilir, infrastruktur qurulur və insanlar doğma yurdlarına qayıdırlar.
Cənab Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın müstəqilliyi ilə bağlı idi. Dövlət başçısı bildirdi ki, əsl müstəqillik yalnız öz siyasətini sərbəst şəkildə həyata keçirən dövlətlərə məxsusdur: “Biz, sözün əsl mənasında, müstəqil dövlətik. Çünki öz taleyimizi özümüz həll edirik”. Bu, Azərbaycanın son illərdə həyata keçirdiyi siyasi kursu xarakterizə edir.
Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində ölkədə yaşanan siyasi böhranı və hakimiyyət uğrunda mübarizənin ağır nəticələrini də xatırlatdı. Qeyd etdi ki, həmin dövrdə milli maraqlar arxa plana keçmiş, nəticədə Şuşa, Laçın və digər bölgələr işğala məruz qalmışdı. Azərbaycan sonrakı illərdə iqtisadi, hərbi və diplomatik gücünü artıraraq tarixi Zəfərə hazırlaşdı.
2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilən uğurlu antiterror əməliyyatı nəticəsində Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etdi. Müzəffər Ali Baş Komandan bu zəfərin xalqın birliyi, Ordunun gücü və şəhidlərimizin qəhrəmanlığı hesabına əldə olunduğunu vurğuladı: “Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir”.
Səfər zamanı dövlət başçımızın diqqət çəkdiyi digər mühüm məsələ isə azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri oldu. Cəmi bir neçə il ərzində dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, yolların, tunellərin, yaşayış məntəqələrinin tikilməsi Azərbaycanın iqtisadi imkanlarının və dövlət idarəçiliyinin gücünü göstərir. Dövlət başçımız da vurğuladı ki, bütün bu işlərin əsas məqsədi insanların rahat və təhlükəsiz şəkildə doğma torpaqlarında yaşamasını təmin etməkdir.
Şuşa, Xankəndi və Xocalıya səfər həm də Azərbaycanın bölgədə yaratdığı yeni reallığın nümayişi idi.
Burada istifadəyə verilən yeni müəssisələr isə dayanıqlı məşğulluq mühiti formalaşdırı. Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı Qarabağda iqtisadi dirçəlişin və sosial reinteqrasiyanın mühüm mərhələlərindən biridir. Müəssisənin fəaliyyətə başlaması sənaye istehsalını genişləndirməklə yanaşı, bölgədə sosial rifahın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda Xocalıda “Qarabağ Tekstil Evi” MMC-nin fəaliyyəti burada iqtisadi həyatın bərpasının, əhalinin məşğulluğunun artırılmasının nümunəsidir. Bu cür layihələr Qarabağın uzunmüddətli inkişaf strategiyasının əsas tərkib hissəsi olmaqla yanaşı, bölgənin yenidən ölkənin mühüm sənaye və iqtisadi mərkəzlərindən birinə çevrilməsinə xidmət edir. Bu, Qarabağda sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradıldığını nümayiş etdirir. Belə təşviq mexanizmləri yeni investorların bölgəyə marağını artırır və yeni iş yerlərinin açılmasını sürətləndirir.
Bu gün Qarabağda Azərbaycan bayrağı dalğalanır, həyat yenidən canlanır, insanlar öz doğma evlərinə qayıdırlar. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi,“bundan sonra bizi heç kim buradan tərpədə bilməz”.
Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən layihələr göstərir ki, Qarabağ və Şərqi Zəngəzur regionun ən inkişaf etmiş və müasir məkanlarından birinə çevrilir.
Nigar Məmmədova
Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.