AZ

Prezidentin Qarabağ səfəri: Tarixi aspektdən böyük önəm kəsb edir

Prezident İlham Əliyev Qarabağa səfəri zamanı bir sıra müəssisələrin açılışında iştirak edib, yerli sakinlərlə görüşüb.

Mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olan ölkə başçısı kəndə qayıdan sakinlərlə görüşündə bir sıra məsələlərə toxunub.

Prezident bildirib ki, müstəqillik - bu, böyük nemətdir, böyük nailiyyətdir:

"Amma əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin. Bax, Azərbaycan o ölkələrdəndir. İndi dünyada 200-ə yaxın müstəqil ölkə var. 

Amma demək olmaz ki, onların hər biri doğrudan da müstəqildir. Biz, sözün əsl mənasında, müstəqil dövlətik. Çünki öz taleyimizi özümüz həll edirik, siyasətimizi heç kimə baxmadan xalqın, dövlətin naminə, milli maraqların qorunması əsasında aparırıq.

Buna görə də dünyada böyük şöhrət qazanmışıq. Baxmayaraq ki, torpaqlarımız uzun illər erməni işğalı altında idi, hətta o vaxt müstəqil siyasət apararaq böyük hörmət qazanmışıq dünyada. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi və ondan üç il sonra antiterror əməliyyatı, bizim şanlı Zəfərimiz ölkəmizin, xalqımızın nüfuzunu dünyada daha da artırıb.

Son illər ərzində - 2003-cü ildən bu yana keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə həm işğal dövründə, həm Zəfərdən sonra bir daha əmin oluram ki, bizim xalqımız nə qədər əzəmətlidir, vüqarlıdır və yenilməzdir".

Ölkə başçısının Qarabağa növbəti səfəri ictimaiyyət nümayəndələri, ziyalılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Millət vəkili Elman Nəsirov "Cebheinfo.az"-a bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev mayın 28-də Qarabağ bölgəsinə səfəri çərçivəsində əvvəlcə Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış oldu, sakinlərlə görüşdü:

"Ölkə başçısı daha sonra Xankəndində əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzi ilə tanış oldu. Eləcə də Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib.

Xocalıda əsaslı təmir edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub. Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib. 

Bütün bu açılışlar və görüşlər müsəlman dünyası üçün müqəddəs Qurban bayramı günlərinə, eyni zamanda Müstəqillik Gününə təsadüf edirdi. Doğurdan da Qarabağ və Şərqi Zəngəzur çox sürətlə bərpa edilir. 

Siyasi iradə, maliyyə imkanları, kadrlar, mütəxəssislər var. Bütün bu reallıqlar fonunda artıq cənab Prezidentin qeyd etdiyi kimi 85 minə yaxın soydaşımız artıq Qarabağda məskunlaşıb və bu proses sürətlə getməkdədir.

Qarabağa tarixi qayıdışın birinci mərhələsi bu il yekunlaşır və növbəti ikinci mərhələdə proses daha da sürətlənəcək. Artıq 70 kilometrlik tunellər çəkilib, 500 körpüdən 435-i tikilib, doğurdan da Qarabağ və Şərqi Zəngəzur bütün dünyanın gözü qarşısında sürətlə bərpa edilir, yeni müəssisələr açılır, infrastruktur layihələr həyata keçirilir".

Onun sözlərinə görə, bu baxımdan mayın 28-nə təsadüf edən səfər xüsusi məna kəsb edir: 

"Xankəndində açılışı olan “GP Safety” MMC-ni xüsusi vurğulamaq istərdim ki, burada bir il ərzində 25 milyon əlcək istehsal ediləcək və bu, həm ölkəmizin tələbatını ödəmək üçün vacibdir, həm də gələcəkdə Avropa bazarına çıxarılması gözlənilir.

Müəssisədə 4 növbəli iş prosesidir və nəticə etibarı ilə Qarabağda məskunlaşan əhalinin işlə təminatı baxımından olduqca önəmli hadisədir. Eləcə də Xocalıda “Qarabağ Tekstil Evi”nin işə salınması bir daha onu göstərdi ki, işğaldan azad edilmiş ərazilərimiz sürətlə dirçəlir, yeni iş yerləri açılır. 

Əhalinin öz dədə-baba torpaqlarına qayıtması nə qədər böyük hadisədirsə, onların işlə təmin edilməsi olduqca vaibdir və bu istiqamətdə addımlar atılmalıdır. Xüsusilə də cənab Prezidentin Şuşa rayonunun Böyük Qaladərəsi kəndində yerli sakinlərlə görüşü böyük məna və əhəmiyyət kəsb edir.

Sakinlərlə görüşü zamanı Prezident sakinlərlə çox səmimi söhbətlər apardı və buraya köçən soydaşlarımız ölkə başçısına öz böyük sevgilərini, ehtiramlarını ifadə etdilər, açıq şəkildə bildirdilər ki, "bu qayıdışın səbəbkarı sizsiniz, qəhrəmanı sizsiniz. Sizin misilsiz fəaliyyətiniz sayənizdə tarixi hadisə baş verdi, ata-baba yurduna qayıda bilmişik".

Bu gün Qarabağın cənnət diyarına çevrilməsi istiqamətində unikal addımlar atılır. Qarabağ və Naxçıvan "yaşıl zona" elan edilib. Qarabağın 10 meqavatlıq "yaşıl enerji" potensialı var və çox böyük rəqəmdir.

2026-cı ildən 2032-ci ilə qədər 8 meqavatlıq "yaşıl enerji" istehsalı nəzərdə tutulub, həm də bunun dünya bazarına satışını həyata keçirmək istəyirik, bu baxımdan Qarabağ bölgəsinin günəş və su potensialının böytük əhəmiyyəti var. 

Nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində ölkəmizin su ehytiyatlarının 25 faizi cəmlənib və bu da böyük göstəricidir, həmin potensialdan da istifadə edilir.

Cənab Prezidentin mayın 28-də Şuşaya, Xankəndinə, Xocalıya səfərləri bir daha göstərdi ki, yenidənqurma prosesi sürətlə gedir. Bütün dünyaya biz nümayiş etdiririk ki, biz qurucu, yaradıcı millətik. Kimin buna şübhəsi varsa, Qarabağa, Şərqi Zəngəzura gəlsin".

Seçilən
72
41
cebheinfo.az

10Mənbələr