AZ

Fransa quldarlıqla bağlı qanunu hələ indi ləğv edir...

Fransa parlamentinin aşağı palatası (Milli Assambleya) müstəmləkələrdə quldarlığı tənzimləyən və 1685-ci ilə aid olan bədnam “Qara məcəllə”nin (Code Noir) ləğv edilməsinə səs verib.

Bizim.Media xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb.

Qanun layihəsinin qəbulunun lehinə iclasda iştirak edən bütün siyasi qrupların təmsilçiləri – 254 deputatın hamısı yekdilliklə səs verib.

Sənəd LIOT ("Azadlıq, müstəqil dənizaşırı ərazilər") qrupunun Qvadelupadan olan deputatı Maks Matiasen tərəfindən irəli sürülüb.

Qanun layihəsi təkcə “Qara məcəllə”nin özünün deyil, həm də XVII–XVIII əsrlərdə müxtəlif Fransa müstəmləkələrində quldarlığı tənzimləyən bütün kral fərmanlarının ləğvini nəzərdə tutur.

Sözügedən mətnlər 1848-ci ildə Fransada quldarlıq rəsmən ləğv edildikdən sonra çoxdan hüquqi qüvvəsini itirsə də, rəsmi olaraq qanunvericilikdən silinməmişdi.

Qeyd edək ki, Fransa kralı XIV Lüdovik tərəfindən imzalanmış bu məcəllə qulları alınıb-satıla bilən “daşınar əmlak” elan edirdi. Sənəddə həmçinin qaçmağa cəhd edən qullar üçün ölüm hökmünə qədər ən ağır cəzalar nəzərdə tutulurdu.

Yeni qəbul edilən qanun layihəsi hökumətə müstəmləkəçilik hüququ, onun uzunmüddətli fəsadları və quldarlıq tarixinin məktəb proqramlarındakı yeri barədə xüsusi hesabat hazırlamağı da tapşırır.

Bizim.Media

Seçilən
30
7
bizim.media

10Mənbələr