AZ

“Mövsümlərin dəyişməsi fermerlərin planlaşdırmasını çətinləşdirir” -EKOLOQ DANIŞDI

“Azərbaycanda iqlim dəyişikliyi əsasən temperaturun artması, yağıntı rejiminin dəyişməsi, quraqlığın güclənməsi və ekstremal hava hadisələrinin çoxalması ilə özünü göstərir. Son illərdə yay aylarının daha isti keçməsi, su ehtiyatlarının azalması, bəzi bölgələrdə isə sel və daşqınların artması xüsusilə diqqət çəkir. Bu dəyişikliklər həm iqtisadiyyata, həm də insanların gündəlik həyatına ciddi təsir göstərir”.

Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev deyib.

O bildirib ki, iqlim dəyişikliyi Azərbaycanda bir neçə əsas sahəyə mühüm təsir edir:

”İlk növbədə kənd təsərrüfatı bu təsirləri daha çox hiss edən sahələrdən biridir. Temperaturun yüksəlməsi və su çatışmazlığı məhsuldarlığın azalmasına səbəb olur. Bəzi bitkilərin yetişmə dövrü dəyişir, torpağın keyfiyyəti zəifləyir və nəticədə kənd təsərrüfatı məhsullarının həm keyfiyyəti, həm də miqdarı azalır.

Su ehtiyatları da iqlim dəyişikliklərindən ciddi şəkildə təsirlənir. Çaylarda su səviyyəsinin aşağı düşməsi, quraqlığın artması içməli su və suvarma problemlərini daha da gücləndirir. Xüsusilə kənd təsərrüfatı üçün bu vəziyyət böyük risk yaradır.

İqlim dəyişikliklərinin insan sağlamlığına da mənfi təsiri var. Həddindən artıq istilər ürək-damar və tənəffüs xəstəliklərinin artmasına səbəb olur. İsti hava dalğaları xüsusilə yaşlı insanlar və uşaqlar üçün daha təhlükəlidir.

Bundan əlavə, güclü küləklər, sel və daşqınlar yolların, körpülərin və elektrik sistemlərinin zədələnməsinə səbəb olur. Bu isə tez-tez elektrik kəsilmələri və su təchizatında problemlərlə nəticələnir. Xüsusilə dağlıq bölgələrdə bu cür hallar daha çox müşahidə olunur.

İqlim dəyişikliyi ekoloji tarazlığa və biomüxtəlifliyə də mənfi təsir göstərir. Meşələrin azalması, bəzi heyvan və bitki növlərinin yaşayış mühitinin dəyişməsi ekosistemin zəifləməsinə gətirib çıxarır.

Kənd təsərrüfatına təsirlərə ayrıca baxdıqda isə quraqlıq və su çatışmazlığı əsas problemlərdən biridir. Yağıntının azalması və havanın istiləşməsi torpağın qurumasına səbəb olur. Bu da məhsulun keyfiyyətinə və məhsuldarlığa mənfi təsir edir. Bəzi hallarda məhsullar yetişmədən quruyur və zay olur.

İsti hava şəraiti zərərvericilərin və bəzi xəstəliklərin yayılmasını da sürətləndirir. Bu isə həm əkinçiliyə, həm də heyvandarlığa mənfi təsir göstərir. Otlaq sahələrinin quruması heyvanlar üçün yem çatışmazlığı yaradır, yem qiymətlərinin bahalaşması isə fermerlərin xərclərini artırır. Nəticədə bəzi fermerlər fəaliyyət sahələrini azaltmağa, hətta tamamilə imtina etməyə məcbur olurlar.

Mövsümlərin dəyişməsi də fermerlərin planlaşdırmasını çətinləşdirir. Əkin və biçin vaxtlarının dəyişməsi, hava proqnozlarının bəzən dəqiq olmaması kənd təsərrüfatında əlavə risklər yaradır.

Mütəxəssislər hesab edirlər ki, davamlı suvarma sistemlərinin tətbiqi, su ehtiyatlarından səmərəli istifadə və iqlimə davamlı kənd təsərrüfatı üsullarının inkişafı bu problemlərin təsirini müəyyən qədər azalda bilər. Buna görə də fermerlərin maarifləndirilməsi və yeni üsulların təşviqi vacib hesab olunur”.

Nurgün Qənizadə.

Seçilən
24
11
sia.az

10Mənbələr