“Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər və “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin inkişafının dövlət siyasətində strateji istiqamət, prioritet olduğunu bir daha nümayiş etdirir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən proqramlar kənd təsərrüfatının inkişafına ciddi təkan verib: “2004-cü ildən başlayan regional inkişaf proqramları çərçivəsində bölgələrdə qaz, elektrik, yol, su və digər mühüm infrastruktur layihələri həyata keçirildi. Bu gün regionlarda yaradılmış müasir infrastruktur kənd təsərrüfatının inkişafı üçün möhkəm baza formalaşdırıb. Dövlət başçısının müşavirədə qeyd etdiyi kimi, kəndlərin dirçəldilməsi, insanların doğma torpaqlarda yaşayaraq istehsalla məşğul olması dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.
Ərzaq təhlükəsizliyi əsas prioritetlərdəndir
Müşfiq Cəfərov qeyd edib ki, qlobal çağırışlar yeni Dövlət Proqramının qəbulunu zəruri edib: “Bu gün dünyada müharibələr, nəqliyyat zəncirlərinin qırılması, enerji böhranı, iqlim dəyişiklikləri və urbanizasiya prosesləri bütün dövlətləri ərzaq təhlükəsizliyi məsələsinə daha həssas yanaşmağa vadar edir. Prezident İlham Əliyevin müşavirədə vurğuladığı kimi, hər bir ölkə öz ərzaq təhlükəsizliyini təmin etməlidir. Yeni Dövlət Proqramı da məhz bu məqsədə xidmət edir. Proqram aqrar sahədə dayanıqlı və rəqabətqabiliyyətli inkişaf modelinin formalaşdırılmasını nəzərdə tutur. Dövlət Proqramında intensiv istehsalın genişləndirilməsi, dəyər zəncirlərinin inkişafı, aqrar xidmətlərə çıxışın artırılması, aqrar təhsil və innovasiya sisteminin gücləndirilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadə, subsidiya və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi kimi mühüm istiqamətlər müəyyən olunub”.
Taxılçılıq və pambıqçılıqda yeni hədəflər
Deputat nəzərə çatdırıb ki, Proqramda strateji məhsullar üzrə konkret hədəflər müəyyən edilib: “Prezident İlham Əliyev müşavirədə buğda üzrə özünütəminetmə səviyyəsinin cəmi 55 faiz olduğunu xüsusi vurğuladı. Bu göstəricinin artırılması əsas prioritetlərdəndir. Dövlət Proqramına əsasən, 2030-cu ilədək ixtisaslaşmış rayonlarda hər hektardan orta məhsuldarlığın 50 sentnerə çatdırılması nəzərdə tutulur. Bu isə istehsalın təxminən 20 faiz artmasına imkan verəcək”.
Müşfiq Cəfərov qeyd edib ki, pambıqçılıq sektorunda da mühüm artım hədəfləri müəyyənləşdirilib: “Vaxtilə ciddi geriləyən pambıqçılıq dövlət dəstəyi nəticəsində yenidən inkişaf etməyə başlayıb. Hazırda ölkədə 360 min tondan çox pambıq istehsal olunur. Yeni proqram çərçivəsində məhsuldarlığın hər hektardan 50 sentnerə çatdırılması, pambıq istehsalının 17 faiz, emal məhsullarının isə 4 dəfəyə qədər artırılması nəzərdə tutulur. Məqsəd yalnız xammal ixracı deyil, hazır məhsul istehsalının genişləndirilməsidir”.
Müasir suvarma sistemləri məhsuldarlığı artıracaq
Deputat su təminatının kənd təsərrüfatının inkişafında əsas məsələlərdən biri olduğunu vurğulayıb: “Prezident İlham Əliyev müşavirədə su anbarlarının, kanalların və yeni suvarma sistemlərinin əhəmiyyətini xüsusi vurğuladı. Son illərdə Taxtakörpü, Şəmkirçay, Göytəpə və digər mühüm layihələr həyata keçirilib. Qarabağ və Şərqi Zəngəzurda da yeni su anbarları və hidrotexniki qurğular tikilir”.
Onun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin 130 min hektardan 300 min hektara çatdırılması nəzərdə tutulur: “Pivot və damcı suvarma sistemlərinin geniş tətbiqi su itkilərini azaldacaq, məhsuldarlığı yüksəldəcək və iqlim dəyişikliklərinin təsirlərini minimuma endirəcək”.
Qarabağ və Şərqi Zəngəzur yeni aqrar mərkəzə çevrilir
Müşfiq Cəfərov işğaldan azad edilmiş ərazilərin Azərbaycanda aqrar sahənin inkişafında mühüm rol oynayacağını vurğulayıb: “Qarabağ və Şərqi Zəngəzur böyük aqrar potensiala malikdir. Bu bölgələrdə “ağıllı kənd” və müasir aqropark yanaşmaları tətbiq edilir. Müasir infrastruktur, yeni suvarma sistemləri və innovativ texnologiyalar kənd təsərrüfatının yeni model üzrə inkişafına imkan yaradır. Bölgədə üzümçülük, heyvandarlıq, taxılçılıq, bağçılıq və arıçılıq kimi ənənəvi sahələrin bərpası nəzərdə tutulur. Bu, həm məşğulluğun artmasına, həm də Böyük Qayıdış prosesinin iqtisadi əsaslarının möhkəmlənməsinə xidmət edəcək. Cəbrayılda yaradılması nəzərdə tutulan “Şərqi Zəngəzur” pilot istixana aqroparkı da regionun iqtisadi inkişafına ciddi töhfə verəcək”.
Heyvandarlıq və quşçuluq sektorunda özünütəminetmə hədəfi
Deputat Dövlət Proqramında heyvandarlıq sektorunun inkişafı ilə bağlı fundamental tədbirlər nəzərdə tutulduğunu diqqətə çatdırıb: “İntensiv iribuynuzlu heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi nəticəsində yüksək məhsuldar cins heyvanların ümumi sürüdə payının 10 faizə çatdırılması nəzərdə tutulur. Süd istehsalının təxminən 10 faiz, mal əti istehsalının isə 20 faiz artırılması hədəflənir”.
Onun sözlərinə görə, qoyunçuluq və quşçuluq sektorlarında da mühüm tədbirlər planlaşdırılır: “Yarım-intensiv qoyunçuluq təsərrüfatlarının yaradılması, örüş və otlaq sahələrinin bərpası, yeni quşçuluq damlarının və müasir kəsimxanaların qurulması nəzərdə tutulur. Məqsəd quş əti və qoyun əti üzrə özünütəminetmə səviyyəsini daha da yüksəltməkdir”.
Balıqçılıq və akvakultura sahəsində yeni imkanlar
Müşfiq Cəfərov bildirib ki, Dövlət Proqramında balıqçılıq və akvakultura sahəsinin inkişafına da xüsusi diqqət ayrılıb: “Bu sahədə istehsalın 7,7 min tona çatdırılması və ixrac imkanlarının artırılması nəzərdə tutulur. Bunun üçün qanunvericiliyin təkmilləşdirilməsi, subsidiya və güzəşt mexanizmlərinin tətbiqi planlaşdırılır. Aqrar emal və logistika infrastrukturunun inkişafı da proqramın mühüm istiqamətlərindəndir. Əlavə 100 min tonluq soyuducu anbarların və 150 min tonluq müasir taxıl silolarının yaradılması məhsul itkilərinin azaldılmasına və ixrac imkanlarının genişlənməsinə xidmət edəcək”.
Özəl sektorun Dövlət Proqramının icrasında rolu
Deputat Dövlət Proqramının uğurlu icrasında özəl sektorun rolunun xüsusi əhəmiyyət daşıdığını söyləyib: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, proqramın icrası üçün dövlət tərəfindən 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq investisiya qoyuluşu nəzərdə tutulur. Bu, aqrar sahənin inkişafı üçün çox ciddi maliyyə resursudur. Azərbaycan bu gün əlverişli investisiya mühiti və yüksək beynəlxalq nüfuza malikdir. Bu amillər yerli və xarici investorların aqrar sektora marağını artırır. Yeni Dövlət Proqramı həm kənd təsərrüfatının modernləşdirilməsinə, həm də ölkənin qeyri-neft sektorunun daha da güclənməsinə mühüm töhfə verəcək”.
Müşfiq Cəfərov hesab edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar siyasət nəticəsində Azərbaycan yaxın illərdə regionun ən güclü aqrar mərkəzlərindən birinə çevriləcək: “Bu proqram yalnız kənd təsərrüfatının inkişafı deyil, həm də regionların sosial rifahının yüksəldilməsi, məşğulluğun artırılması və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır”.