Bəzi vərdişlər və davranış modelləri çox vaxt aşağı intellekt əlaməti kimi qəbul olunur. Lakin insan psixologiyası məsələsində hər şey göründüyü qədər sadə deyil.
Ölkə.az xəbər verir ki, bu barədə "VICE” nəşri bir sıra elmi araşdırmalara istinadən yazıb.
Məqalənin müəllifi Eşli Fayk xüsusilə söyüş söymək və insanın özü ilə danışmaq vərdişinin yalnız "axmaq” insanlara xas olması barədə mifləri təkzib edir. O qeyd edir ki, bu davranışlar illər boyu qəribə və sosial baxımdan qəbuledilməz sayılıb. Halbuki müasir tədqiqatlar göstərir ki, onlar daha yaxşı koqnitiv qabiliyyətlər, inkişaf etmiş nitq və beynin daha effektiv fəaliyyəti ilə əlaqəli ola bilər.
Özü ilə danışmaq
Nəşrin yazdığına görə, özü ilə danışan insanların "qəribə” və ya "psixoloji baxımdan qeyri-sabit” görünməsi barədə yayılmış fikir elmi əsas tapmır. Tədqiqatçılar Qari Lupyan və Daniel Svinqli 2011-ci ildə eksperiment aparıblar. Təcrübə zamanı iştirakçılar müxtəlif şəkillər arasında müəyyən bir obyekti tapmalı olublar. İştirakçıların bir hissəsi axtardıqları obyektin adını ucadan səsləndirib, digərləri isə tapşırığı səssiz yerinə yetirib.
Nəticədə sözləri ucadan deyən şəxslər lazım olan obyekti daha sürətli tapıblar. Alimlər bunu belə izah ediblər: sözlər yalnız reallığı təsvir etmir, həm də beynin onu qəbul etmə üsulunu dəyişir. İnsan sözü səsləndirdiyi zaman həm nitq yaratma, həm də eşitmə sistemləri eyni vaxtda aktivləşir. Bu qarşılıqlı fəaliyyət isə beynin diqqəti tapşırığa daha yaxşı cəmləməsinə kömək edir.
Söyüş söymək
Cəmiyyətin çox vaxt mənfi qiymətləndirdiyi digər vərdiş isə söyüşdən istifadədir. Bir çox insan hesab edir ki, qeyri-senzuralı ifadələr zəif lüğət ehtiyatının göstəricisidir. Lakin 2015-ci ildə aparılan araşdırma bu fikri şübhə altına alıb.
Verbal sürət və lüğət ehtiyatı testlərində ən yüksək nəticə göstərən iştirakçılar eyni zamanda ən çox söyüş sözü sadalaya biliblər. Ən zəif nitq göstəricilərinə malik şəxslər isə bu tip sözlərdən ən az istifadə edənlər olub.
40 ildən artıqdır söyüş fenomenini araşdıran alim Timoti Cey bildirib ki, qeyri-senzuralı sözlər bəzən adi dilin ifadə edə bilmədiyi emosional dəqiqliyi çatdıra bilir. Onun sözlərinə görə, belə ifadələrdən yerində istifadə etmək üçün insan sosial konteksti və dil incəliklərini yaxşı hiss etməlidir.(qaynarinfo)