Portuqaliya yığmasının və “Milan”ın cinah hücumçusu Rafael Leao cari mövsümün sonunda İtaliya klubundan ayrılmaq istədiyini açıqlayıb.
Arena.az xəbər verir ki, o, İtaliya mətbuatına açıqlamasında bunları söyləyib:
“Hesab edirəm, “Milan”a verə bildiyimi əsirgəməmişəm. Yeni bir çağırışa ehtiyac duyuram. Özümü başqa bir çempionatda sınamaq istəyindəyəm. Hazıram, vaxtı çatıb”, deyə Leao vurğulayıb.
“Milan” azarkeşləri, müvafiq etirafı müqabilində portuqaliyalı ulduzu tənqid atəşinə tutublar. “Çao, Leao” – Xoş getdin, Leao – “rossoneri”nin tərəfdarı məhz müvafiq mövqeyi nümayiş etdirib.
Rafael Leao Lissabon “Sportinq”inin yetirməsidir. Portuqaliyalı cinah hücumçusu “Milan”a 2019-cu ilin avqustunda 29,5 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Tərəflər arasındakı müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Leao son mövsümdə “Milan” üçün bütün yarışlarda 31 oyun keçirib, 10 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Leaonun “rossoneri”nin heyətində çıxışının ümumi mənzərəsi 291 oyun, 80 qol və 85 məhsuldar ötürmədən ibarətdir.
Rafael Leao “Milan”la 2021/2022-ci illər mövsümü İtaliya A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib, eləcə də 2024-cü il İtaliya Super Kubokunu qazanıb.
Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 43 oyun keçirib, 5 qol vurub, 7 məhsuldar ötürmə verib. Portuqaliyalı cinah hücumçusunun aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var.
Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı portuqal sol cinah hücumçusunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.
