Rusiya prezidenti Vladimir Putin jurnalist Dmitri Kiselevə müsahibəsində ölkənin daxili və xarici siyasətindəki inkişaflarla bağlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, Kiselev amerikalıların strateji sabitlikdən danışdıqlarını, lakin eyni zamanda Rusiyanın strateji məğlubiyyətə getməli olduğunu bəyan etdiklərini deyib.
“Heç bir danışıqlar olmayacaq?” sualına cavab verən Putin heç vaxt danışıqlardan imtina etmədiklərini vurğulayıb:
“Biz İstanbulda keçirilən danışıqlarda Ukrayna tərəfi ilə saziş layihəsini masaya qoyduq. Və bu müqavilənin xülasəsini qarşı tərəfin danışıqlar qrupunun rəhbəri cənab Arahamiya (Ukraynalı siyasətçi David Arahamiya) imzalayıb. Bu, Kremlin arxivindədir. Lakin sonradan cənab Arahamiyanın özünün də açıq dediyi kimi, məlumdur ki, jurnalistlər, hətta xarici media nümayəndələri ilə görüşdə İngiltərənin keçmiş baş naziri Boris Conson gəlib onları bu müqaviləni imzalamaqdan çəkindirib. Məqsəd Rusiyanı döyüş meydanında məğlub etmək idi”.