
Bakı, 4 aprel, AZƏRTAC
Bu gün ölkə ərazisində güclü küləklə müşayiət olunan hava şəraiti hökm sürəcək. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeronda küləyin sürətinin arabir 30-35 metr/saniyəyə çatacağı gözlənilir. Ölkənin bir çox bölgələrini əhatə edən küləkli hava şəraiti ehtiyatlı və tədbirli davranmağımıza əsas yaradır.
AZƏRTAC xəbər verir ki, bunları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova küləkli havada əhalinin ehtiyatlı davranmasını tövsiyə edən müraciətində qeyd edib. O deyib: “Tövsiyəmiz odur ki, ehtiyat tədbirlərini unutmayaq. Əsasən də kiçik yaşlı uşaqların nəzarətsiz buraxılması məsləhət deyil. Həmçinin tikinti işləri gedən obyektlərin, yüngül konstruksiyaların, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmaq təhlükəlidir. Nəqliyyat vasitələrinin də təhlükəsiz yerlərdə saxlanmasına diqqət etmək lazımdır”.