AZ

Növbəti köç karvanı Ağalı kəndinə çatıb -YENİLƏNİB

Bu gün Zəngilan rayonunun Ağalı kəndinə növbəti ailələrin köçü baş tutub. Bu dəfə 127 nəfərdən ibarət 25 ailə öz doğma yurdlarına geri qayıdıb.

“İki sahil” xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları “Ağıllı kənd”də Ağalı sakinlərini qarşılayıb.

Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə qayıdan sakinlərin ailə başçılarına yeni evlərinin açarları təqdim edilib.

Bugünədək "Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 175 ailədən ibarət 871 nəfər Zəngilan rayonunun Ağalı kəndində məskunlaşıb.

Köçürülən sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcək, müxtəlif dövlət qurumlarında, ictimai-iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.

Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.

***

Oktyabrın 28-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə - 127 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

“İki sahil” xəbər verir ki,  bununla da İndiyədək Ağalı kənddə daimi məskunlaşan ailələrin sayı 175-ə (871 nəfərə) çatacaq. Kəndə köçürülmə bundan sonra da davam etdiriləcək. Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları - şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma oktyabrın 20-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Seçilən
414
34
ikisahil.az

10Mənbələr