
Bakı, 2 noyabr, AZƏRTAC
Payız əkin mövsümündə “Tullantıları tingə dəyiş” aksiyasına yenidən start verilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları tingə dəyiş” aksiyası noyabrın 6-da Sahil qəsəbəsindəki “Araz” supermarketin qarşısında keçiriləcək.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.
Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkərək təbiətə töhfə verməyə, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmağa çağırır.
Aksiya Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, ev 15–də yerləşən “Araz” supermarketin qarşısında saat: 11:00-da keçiriləcək.