Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.
Arena.az xəbər verir ki, 97 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə qarşılaşıb.
Azərbaycan təmsilçisi rəqibinə 0:5 hesabı ilə məğlub olub. Nəticədə güləşçimiz Olimpiya çempionu olmaq şansını itirib.
Maqomedxan sabah bürünc medal uğrunda güləşəcək. Onun rəqibi təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək.
Xatırladaq ki, Maqomedxan Maqomedov Olimpiadaya 1/8 finaldan başlamışdı. O, startda Dominikan Respublikasından olan Luis Migel Pereslə üz-üzə gəlmiş və 9:0 hesablı qələbə qazanmışdı. 1/4 finalda polşalı Mateuş Baranovski ilə qarşılaşan Maqomedov onu da 7:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlmişdi.
Yeri gəlmişkən, Azərbaycanın digər sərbəst güləşçisi Hacı Əliyev Parisdəki Yay Olimpiya Oyunlarını medalsız başa vurub. 65 kq çəki dərəcəsində yarışan idmançımızın 1/4 finalda məğlub olduğu Macarıstan təmsilçisi İsmail Musukayev finala vəsiqə qazana bilməyib. Belə ki, Musukayev yarımfinalda iranlı Rahman Amuzadxaliliyə 0:10 hesabı ilə məğlub olub.
Nəticədə üçqat dünya və dördqat Avropa çempionu olan Hacı Əliyev də medal qazanmaq şansından məhrum olub.
Qeyd edək ki, Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Daha öncə cüdoçularımız – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar. Taekvondoçumuz Qaşım Maqomedov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Boksçu Alfonso Dominqes də Olimpiadakı gümüş medalla başa vurub. Güləşdə isə yeganə medalımızı Həsrət Cəfərov (67 kq) qazanıb. O, Olimpiadada bürünc medal əldə edib.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.