AZ

Məktəb psixoloqlarının maaş artımı - Problemlər həll olunacaqmı?

Onlar şagirdlərin psixoloji vəziyyətini qiymətləndirir, emosional inkişaflarını dəstəkləyir və müxtəlif sosial problemlərin həlli üçün metodlar təklif edirlər. Eyni zamanda, növbəti ildən məktəb psixoloqlarının maaşlarının artırılması nəzərdə tutulur.

 

Bəs, bu maaş artımı onların fəaliyyətinə necə təsir göstərəcək?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən "Əməkdar müəllim", sabiq deputat Sona Əliyeva bildirib ki, məktəblərdə psixoloq sayı şagird sayına nisbətdə kifayət qədər azdır:

Qadınların akademik göstəriciləri kişilərdən yüksək olur

"Çünki şagird çoxdur, psixoloq isə az. Həmçinin mövcud psixoloqların da kompetensiyası zəifdir. Niyə? Ona görə ki, onların bir çoxu spesifik sahənin məzunu deyil. Məsələn, əksəriyyəti pedaqoji psixologiya üzrə təhsil almayıb, ümumiyyətlə psixologiya ixtisasını bitirməyənlər var. Bu sahə bütün dünyada iki əsas istiqamətə ayrılır - biri təhsil, digəri isə klinik sahədə fəaliyyət göstərən psixoloqlardır".

 

Sona Əliyeva əlavə edib ki, spesifik ixtisas üzrə məzun olanların sayı azdır və məktəblərdə psixoloqların əsas funksiyası təkcə bilik vermək deyil, daha çox tərbiyə və profilaktik fəaliyyətə yönəlməlidir:

 

"Zəmanə çox dəyişib, dünya qloballaşır. İnformasiya axını sürətlidir və nəzarətsizdir. Məktəblərdə psixoloq sayı artırılmalı, onların kompetensiyaları isə yoxlanılmalıdır. Bu yoxlamalar inkişafetdirici xarakter daşımalıdır. Azərbaycanda psixologiya sahəsi inkişaf edir, amma bu, məktəb və ya universitet psixoloqlarının fəaliyyəti nəticəsində baş vermir. Dünyada hər kəs anlayır ki, psixologiyanın insan həyatında böyük rolu var. Ağıllı valideynlər hansı ki, övladlarının problemləri ilə bacara bilmirlər. Onalr mütləq psixoloqa müraciət edirlər. Bizdə isə ailə dəyərləri konservativ formalaşıb, uşaqlar valideynlərlə açıq danışmırlar. Amma burada təşəbbüs valideyndən yox, məktəbdən gəlməlidir".

 

O, məktəbin uşaqları təkcə imtahana deyil, həyata hazırlamalı olduğunu bildirib:

 

"Çox təəssüf ki, məktəblərdə pedaqoqların da səviyyəsi ürəkaçan deyil. Maaş artımı isə müsbət addımdır. Lakin bu artımla yanaşı, məktəblərə əlavə psixoloqlar da cəlb olunmalıdır".

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Günay Hüseynova da fikirlərini bölüşüb. Onun sözlərinə görə, iqtisadi və sosial rifah baxımından müxtəlif sahələrdə, o cümlədən məktəb psixoloqlarının maaşlarının artırılması müsbət addımdır:

 

"Lakin əvvəlcə bu sahədəki boşluqlar aradan qaldırılmalıdır. Şəhərin bir çox məktəblərində psixoloqun yalnız adı var, özü isə yoxdur. Rayon və kənd məktəblərində isə ya ümumiyyətlə yoxdur, ya da formal olaraq mövcuddur. Dövlət büdcəsindən əməkhaqqı ayrılırsa, fiziki olaraq da həmin psixoloq məktəbdə olmalıdır. Bugünkü reallıqda Azərbaycan məktəblərində psixoloq vacib şəxsdir. Hər gün məktəblərlə bağlı neqativ xəbərlər eşidirik".

 

Ekspert qeyd edir ki, əgər psixoloji söhbətlər aparılsa və məktəbdə uyğun olmayan şagirdlər psixoloqun rəyinə əsasən yönləndirilsəydi, bir çox neqativ hallar baş verməzdi:

 

"Maaş məsələsinə gəlincə, yaxşı olardı ki, psixoloqlara saatlıq əməkhaqqı tətbiq olunsun. Belə olan halda psixoloq həm məktəbdə, həm də özəl müəssisələrdə çalışa bilər. Saatlıq ödəniş 70-100 manat arası dəyişə bilər. Dövlət və cəmiyyət olaraq bizə ilk növbədə iqtisadi səmərəlilik və maksimum fayda lazımdır. Yoxsa ki, sadəcə müəssisədə adının olub, ayın sonunda maaş almaq nə dövlətə, nə də ehtiyac içində olan işçiyə faydalıdır".

Seçilən
23
40
azedu.az

10Mənbələr