BAKI, 10 iyun. TELEQRAF
“Qarabağla bağlı “Lavrov planı” adlı sənəd olmayıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sərkisyan Baş nazir Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib.
“Lavrovun belə planı yox idi, bu, jurnalistlər və keçmiş müxalifətin (Paşinyan hökumətinin) uydurduğu termindir. Belə bir plan olmayıb. Həmsədrlər Rusiya, Fransa və ya ABŞ həmişə üçtərəfli razılaşdırılmış sənəd təqdim edib”, - sabiq prezident iddia edib.
S.Sərkisyan onu da iddia edib ki, o da hakimiyyətdə olarkən həmişə Qarabağ məsələsinin həllini istəyib.
N.Paşinyan bundan öncə dəfələrlə 2019-cu ildə Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən münaqişənin (artıq həll edilib – red.) çözülməsi ilə bağlı plan təqdim olunduğunu açıqlayıb.
Ermənistan Baş nazirinin sözlərinə görə, Lavrovun planı belə idi: məsələ mərhələli şəkildə həll edilir, birinci mərhələdə 5 rayon (Azərbaycana) qaytarılır, digər məsələlərin, o cümlədən “Qarabağın statusu”nun (separatizm və işğalın davam etməsi üçün ortaya atılmışdı - red.) həlli isə qeyri-müəyyən müddət üçün gələcəyə buraxılır.
Xatırladaq ki, məsələ Azərbaycan Ordusunun 2020-2023-cü illərdə keçirdiyi hərbi əməliyyatlarla tam həll olunub, Ermənistanın 1990-cı illərdə işğal etdiyi ərazilərimiz üzərində suverenliyimiz tam bərpa edilib. İşğal dövründə ATƏT-in Minsk qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa dəfələrlə ermənilərin xeyrinə təkliflər irəli sürsələr də, Azərbaycan bunların heç biri ilə razılaşmamışdı. Rusiya xarici işlər naziri tərəfindən irəli sürülmüş plan da bunlardan biri idi.