BAKI, 12 iyun. TELEQRAF
“ABŞ və ya İsrail İranın hərbi mərkəzlərinə hava zərbələri endirərsə, bu, bölgədə gərginliyi artıracaq”.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Bu zərbələr nəticəsində İrandakı proseslərin necə cərəyan edəcəyini proqnozlaşdırmaq çətindir. İranın mühafizəkar dairələrinin nümayəndələri əvvəlki açıqlamalarında bildiriblər ki, ölkə ərazisinə zərbə endiriləcəyi halında ABŞ və İsrailin bölgədəki bazalarını hədəf seçəcəklər. Bazalar adı altında ABŞ və İsrailin bölgə ölkələrindəki səfirlikləri də nəzərdə tutula bilər. Bu səbəbdən ABŞ və İsrailin bölgə ölkələrindəki səfirlikləri təhlükəsizlik tədbirlərini artırıblar”, - ekspert qeyd edib.
E.Şahinoğlu bildirib ki, İsrailin İrana zərbələr endirmək istəyi çoxdan bəllidir:
“İsrail hökuməti Vaşinqtonun icazəsini gözləyir. ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahunu İranla danışıqların nəticəsini gözləməyi məsləhət bilmişdi. Ancaq ABŞ və İran rəsmiləri arasında müxtəlif ölkələrdə keçirilən görüşlər nəticə verməyib, üstəgəl, İranın ali dini lideri Əli Xameneyi Trampın adını çəkmədən “Sən kimsən ki, bizə yol göstərirsən” kimi AĞ Ev sahibinə mesaj göndərib. Bu o deməkdir ki, Əli Xameneyi nüvə məsələsiylə bağlı Tehranın Vaşinqtonla razılaşmasının əleyhinədir. Mövcud durum Netanyahunun işinə yarayır. İsrailin işinə yarayan daha bir hadisə baş verib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İran əleyhinə qətnamə qəbul edib. Qətnamədə İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsindəki öhdəliklərini pozduğu vurğulanıb. İran təşkilat qarşısındakı öhdəlikləri yerinə yetirməyib. AEBA-nın baş direktoru Rafael Qrossi bəyan edib ki, İran bəzi qadağan olunmuş obyektlərdə nüvə materiallarının mövcudluğu və bu materiallarla aparılan işlər barədə quruma məlumat verməyib. Qrossinin “İran bir neçə nüvə bombası istehsal etməyə imkan verəcək qədər zənginləşdirilmiş urana malikdir” açıqlaması İsrail və ABŞ-yə İrana qarşı düyməyə basmaq üçün kifayət edir”.
Politoloqun fikrincə, Ermənistan Baş naziri Nikol Paşinyanın yaxın günlərdə Türkiyəyə səfər edəcəyi xəbərinin yayılması İran ətrafında baş verən hadisələrlə əlaqəlidir:
“İran bölgədə Ermənistanın əsas müttəfiqidir. Ancaq ABŞ və İsrail İrana qarşı sərt tədbirlərə əl atarsa, İrəvan Tehranla münasibətləri əvvəlki səviyyədə saxlaya bilməyəcək.
Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının ləngiməsi fonunda heç olmasa, Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. O Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iki ölkə arasında münasibətlərlə yanaşı, Ermənistan-Azərbaycan danışıqlarının hazırkı vəziyyətini də müzakirə etmək istəyir. Paşinyan ümid edir ki, Ankara sülh sazişinin imzalanması məqsədilə Bakının mövqeyinə təsir edəcək. Ankaranın İrəvana ünvanlandığı “əvvəlcə Azərbaycanla məsələləri həll edin” yanaşması dəyişməyib”.