Azərbaycanın güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan U-17 Avropa çempionatında çıxışını başa vurub.
Dördüncü yarış günündə qadın güləşi üzrə mübarizə baş tutub.
Nəzrin Əhmədli (46 kq) ilk mərhələdə yunanıstanlı Mariya Qkikanı çətinliklə də olsa, mübarizədən kənarlaşdırıb – 10:9. Ancaq həmyerlimiz 1/4 finalda rusiyalı İrina Tsıdeyeva ilə bacarmayıb – 0:10.
Fatimə Bayramova (53 kq) təsnifat mərhələsində polşalı Culiya Qibalskaya 2:6 hesabıyla məğlub olub.
Esra Məmmədli (61 kq) rumuniyalı Oana Dumitruya 8:2 hesabıyla qalib gəlsə də, 1/8 finalda belaruslu Varvara Aliseyenka ilə gərgin mübarizədən məyus ayrılıb – 3:4.
Fidan Babayeva (65 kq) ilk təsəlliverici görüşdə italiyalı Culiya Karrini 4:0 hesabıyla üstələsə də, belaruslu Anastasiya Komanavaya 0:3 hesabıyla uduzub.
Milana Bağırzadə (69 kq) isə 1/8 finalda gürcüstanlı Anna Qodelaşviliyə minimal fərqlə (2:3) məğlub olub.