ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail İrandakı nüvə obyektlərinə hücum edə bilər, lakin Vaşinqton administrasiyası bu qarşıdurmanın qarşısını almağa çalışır.
Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O, yəhudi dövlətinin İran İslam Respublikasına qarşı mümkün hərbi əməliyyat keçirmə ehtimalı ilə bağlı suala belə cavab verib:
“Bu zərbənin qaçılmaz olduğunu demək istəmirəm, amma görünən odur ki, bu, baş verə bilər. Məsələ sadədir: İran nüvə silahına sahib ola bilməz. Qalan məsələlərdə isə istəyirəm ki, uğurlu olsunlar. Onların möhtəşəm olmalarını istəyirəm. Biz onlara bu yolda kömək edəcəyik, onlarla ticarət edəcəyik, lazım olan hər şeyi edəcəyik”.
Tramp qeyd edib ki, ABŞ hərbi münaqişədən yayınmaq istəyir:
“Mən münaqişədən qaçmaq istəyirəm. Amma İranla daha sərt danışıqlar aparılmalıdır. Yəni onlar bizə indi vermək istəmədiklərini verməli olacaqlar”.
Tramp həmçinin bildirib ki, ABŞ İranla nüvə proqramı üzrə razılığa çox yaxındır:
“Mən İranla razılaşma əldə etmək istəyirəm. Bu razılaşma çox yaxın görünür. Amma o, sadəcə yaxşı deyil, daha yaxşı olmalıdır. İstəmirəm ki,
İsrail bu məsələyə müdaxilə etsin. Bu əməliyyat əldə olunacaq razılığı poza bilər. Bəlkə kömək də edər, amma hər şeyi poza da bilər”.
Qeyd edək ki, “ABC News” telekanalı bir neçə gün əvvəl İsrailin yaxın zamanda İrana hərbi zərbə endirə biləcəyi barədə məlumat yayıb.
“Politico” isə yazıb ki, İsrail rəsmiləri bu həftə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşməyə hazırlaşır. Görüşdə mümkün hücum məsələsinin müzakirə ediləcəyi gözlənilir.//Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta