AZ

3-4 yaşlı uşaqlar bağçaya getməlidirmi? – Psixoloqdan XƏBƏRDARLIQ

3-4 yaşlı uşaqların uşaq bağçasına getməsi onların sosial və psixoloji inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu yaşda uşaqlar həmyaşıdları ilə ünsiyyət quraraq paylaşmağı, əməkdaşlıq etməyi və nizam-intizamı öyrənirlər. Bağçada keçirilən oyunlar və tədris fəaliyyəti onların nitq və düşüncə bacarıqlarını inkişaf etdirir. Amma bunu əksini düşünənlərdə az deyil. Bir çox insan az yaşlı uşaqların bağçaya getməsinin onların psixologiyasına mənfi təsir etdiyini düşünür. 


Mövzu ilə bağlı Manset.az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, uşaqlara fərdi yanaşma olmalıdır:

"Uşaqlar var ki, onların erkən yaşda bağçaya və ya hansısa sosial həyata ehtiyacları olur. Bu həm təlim baxımından, həm də uşağın sosiallaşmasına dəstək funksiyası daşıyır. Peşəkar tövsiyyələr alınmalıdır. Valideynlər uşaqlarını bağçaya qoymamışdan öncə hansısa psixoloji narahatlıqlar müşahidə edirlərsə psixi sağlamlıq mütəxəssisinə müraciət etməlidirlər. Vaxtında müdaxilələr edilməlidir ki, psixi narahatlıqlar pozuntuya çevrilməsin. 

Pedoqoji və psixoloji olaraq müəyyən müddət lazım olur ki, uşaq bağçaya və ya digər sosial mühitə adaptasiya ola bilsin. Əgər uşaq uzunmüddətli adaptasiya problemi yaşayırsa, ailədə uşağa yanaşmada və ya hansısa psixoloji məqam nəzər alınmalıdır. Uşağı güclə deyil, sevgi ilə mühitə adaptasiya etmək olar. Müxtəlif pedoqoji və psixoloji yanaşmalar bunu tənzimləyə bilər. Əks halda əks təsir göstərmiş olacaq. Bu zaman uşaqlarda aqressiya, asosiallıq, təşviş kimi psixoloji narahatlıqlar özünü büruzə verir. Bəzən zaman problemi həll etmir, mövcud problemi böyüdür". 

R.Nəcəfov qeyd edib ki, bağça uşaqlarda stres faktoru olmamalıdır:

"Doğru yanaşma ilə azyaşlı uşaqların bağçaya aparılmasında uyğunluq formalaşdırmaq olar. Uşaqların bağçaya getməsi ata və ananın valideynlik vəzifələrini azaltmamalıdır. Valideynlər evdə davamlı övladları ilə emosional bağlılıqlarını hiss etməlidirlər. Uşaq görməlidir ki, bağçaya getmək valideynlərini itirmək demək deyil. Balans olmalıdır ki, uşaq da emosional seçim etməyə məcbur qalmadığını görsün".


Seyranə Quliyeva

Seçilən
83
13
manset.az

10Mənbələr