Kiyev, 13 iyun, AZƏRTAC
Belarus Respublikası İsrail ilə İran arasında hərbi eskalasiyanın yeni raundu və mülki əhalinin, o cümlədən uşaqların ölümü ilə bağlı xəbərlərdən çox narahatdır.
AZƏRTAC xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyi Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bağlı bəyanatla çıxış edib.
Nazirlik qeyd edib: “Münaqişənin hərbi güc ssenarisi regional sabitlik və təhlükəsizliyə ciddi təhdid yaradır, humanitar fəlakət riski daşıyır və gözlənilməz qlobal nəticələrə səbəb ola bilər”.
Xarici İşlər Nazirliyi tərəfləri təmkinli olmağa, məsuliyyətli davranmağa və Yaxın Şərqdəki vəziyyətin hərtərəfli nizamlanmasına yönəlmiş beynəlxalq ictimaiyyətin siyasi və diplomatik səylərinə mənfi təsir göstərə biləcək hərəkətlərdən çəkinməyə çağırıb.
Bəyanatda vurğulanıb: “Belarus vətəndaşlarına mövcud vəziyyəti nəzərə almağı, münaqişə zonasına daxil olan ölkələrə səyahət etmək zərurətini diqqətlə ölçüb-biçməyi və belə səfərləri planlaşdırarkən bir sıra dövlətlərin hava məkanından istifadəyə məhdudiyyətlərin mümkün tətbiqi, eləcə də hava limanının fəaliyyətinin dayandırılması ilə bağlı aviasiya orqanlarının rəsmi bildirişlərinə nəzarət etməyi tövsiyə edirik. Hazırda regionda olan Belarus Respublikası vətəndaşlarını onları qəbul edən ölkənin hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə və tövsiyələrinə riayət etməyə çağırırıq”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev