AZ

“Aldatdılar ki, atan yaralanıb, xərəkdən əlləri sallanmışdı, bildim ki, şəhid olub”- ÖZƏL

“Atam şəhid olanda 6 yaşım var idi. Ağdam şəhər 1 nömrəli məktəbin şagirdi idim. Atam çox mərd, tarixdə təkrarolunmaz bir qəhrəman idi. Atamdı deyə demirəm, tarixdə belə oğullar çox az hallarda dünyaya gəlir. O tək bizim üçün ata yox, Ağdam elinin atası idi. Mərdliyi, qəhrəmanlığı, igidliyi təkrarolunmaz idi. O hamıya can yandıran, öz yurdunun şad günündə, dar günündə həmişə öz el-obasınının yanında olan bir igid olub. Onu itirmək hər mənada ağırdır. Atam Xocalı faciəsi zamanı 1003 nəfərdən çox əsiri erməni işğalçılarından azad edib. Onun qəhrəmanlığı bununla bitmir. Atam Allahverdi Bağırov Xocalı faciəsi zamanı evindən-eşiyindən qovulmuş minlərlə Xocalı sakininin pənah yeri olub. Girov və qaçqın düşən Xocalı sakinlərinin hamısını evimizə yerləşdirmişdi”
 
Bunu Moderator.az-a açıqlamasında Milli Qəhrəman Allahverdi Bağırovun qızı, polkovnik-leytenant Zümrüd Bağırova deyib. 
O atası ilə son görüşünü belə xatırlayıb:
 
“Atam döyüşlər zamanı təcili Ağdama çağırılanda iyun ayının 12-də minaya düşür. Amma bundan əvvəl evə gəlib, bizə ürək-dirək verirdi. Deyirdi ki, hazırlaşın, həmişəlik Ağdama qayıdacağıq. Son görüşümüz bu olub. Sonra gecə saatlarında qapı döyüldü və bir dostu gəldi. Qapını da mən açmışdım. Xərək gördüm. Məni aldadıb dedilər ki, atan yaralanıb. Amma xərəkdən atamın sallanan əllərini görəndə başa düşdüm ki, atam artıq şəhid olub” deyə o bildirib.
Milli Qəhrəmanın qızı daha sonra deyib ki, Ağdamda bütün şəhidlər üçün məzar kompleksi hazırlanacaq:
 
“Atamın Ağdamdakı məzarının üstü hələ ki, götürülməyib. Sağlıq olsun, yəqin ki, yaxın zamanlarda qəbirüstü abidəsi hazır olar. Bütün şəhidlər üçün eyni məzar kompleksi hazırlanacaq. Ağdam 1993-cü ildə işğal olunduğu vaxt evimizi əşyaları dolu halda qoyub evi tərk etdik. Təkcə atama aid bir neçə şəkillər və futbolda aldığı fəxri fərmanlar bizdə qalır. Bütün əşyaları evimizdə qaldı. Torpaqlarımız Cənab Prezidentimizin və qəhrəman ordumuzun sayəsində azad olunduqdan sonra isə evimizin yerini tapdıq. Evdən əsər-əlamət qalmamışdı. Sadəcə evimizin önündə bir zanbaq var idi, o qalmışdı, bir də əncir ağacımız” deyə Milli Qəhrəmanın qızı bildirib.
Seçilən
12
moderator.az

1Mənbələr