AZ

Senat Trampın Konqresin icazəsi olmadan İrana zərbə endirməsini qadağan edə bilər

BAKI, 17 iyun. TELEQRAF

ABŞ Senatının üzvü Tim Keyn (Virciniyadan olan demokrat) bu gün həmkarlarının müzakirəsinə yeni qətnamə layihəsi təqdim edib.

Teleqraf xəbər verir ki, layihəyə əsasən, Amerika Prezidenti Donald Tramp İrana qarşı yalnız hökumətin qanunverici orqanının icazəsi ilə hərbi güc tətbiq edə bilər.

Senat və Konqresin Nümayəndələr Palatasının bu birgə qətnamə layihəsinin mətni cəmi üç səhifəni əhatə edir. Bununla belə, o, ABŞ Silahlı Qüvvələrinin “Konqres tərəfindən icazə verilməyən İran İslam Respublikasına qarşı döyüş əməliyyatlarında” istifadəsini birbaşa qadağan edir.

T.Keynin hazırladığı sənəddə Kapitoli təpəsində İrana qarşı mümkün güc tətbiqi ilə bağlı müzakirələrin aparılması, həmçinin məsələ ilə bağlı səsvermə keçirilməsi nəzərdə tutulur. Qətnamə layihəsi imtiyazlıdır, yəni Senat onu tez bir zamanda nəzərdən keçirməli və səsverməyə çıxarmalıdır.

Bununla belə, Konqresin yuxarı palatasındakı respublikaçı çoxluğun, ən azı, bir hissəsinin dəstəyi olmasa, o, uğursuzluğa məhkumdur.

Seçilən
41
teleqraf.com

1Mənbələr