AZ

Uşaqlarda psixoloji və ya sosial problemlərin əlaməti – mutizm

Danışıq qabiliyyəti olan uşaq niyə susur?
 
Uşaqlarla ünsiyyət qurmaqda çətinliyimiz yoxdur. Onların uşaq dünyasına səyahət özümüzə də xoş anlar bəxş edir. Lakin bəzən elə uşaqlara rast gəlirik ki, ondan sözü kəlbətinlə çəkib alırsan. Düşünürsən: uşaq edilən söhbətdən xəbərsizdir, deyilənləri anlamır, yoxsa tərslik edib söhbətə qoşulmur. Bu məsələ ilə apardığımız araşdırma nəticəsində öyrəndik ki, uşağın (bəzən hətta böyük yaşlının) danışa bildiyi halda susması psixoloji bir problemdir, daha dəqiq desək, xəstəlikdir və bu, mutizm adlanır. Həm özümüzün, həm də geniş oxucu auditoriyasının xəstəliklə bağlı marağını nəzərə alıb onları məlumatlandırmaq üçün psixoloq fikirlərinə ehtiyac duyduq. Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Lalə Nəzərovadan “Xalq qəzeti” üçün müsahibə aldıq.

–  Lalə xanım, öncə mutizm haqqında məlumat verməyinizi xahiş edirik. 

– Uşağın danışıq qabiliyyətinin olmasına baxmayaraq, danışmaqdan imtina etməsi psixoloji problemdir və bu mutizm adlanır. Səssiz, susqun mənasına gələn mutizm latın dilində “mutus” ifadəsindən yaranıb. Bu problem ədəbiyyatda yüz ildən artıqdır fərqli adlarla tanınır. İlk qeydlər 1877-ci ildə alman həkimi Kussmaul tərəfindən aparılıb. O, bu problemi danışma qüsuru olmamasına rəğmən, bəzi insanların müəyyən yerlərdə danışmaması kimi ifadə edib. 1934-cü ildə isveçrəli uşaq psixiatrı Mortiz Tramer görünən əlamətlərə selektiv (seçici) mutizm adını verənə qədər bu xəstəlikdən adsız bəhs edilib. 1994-cü ildə isə diaqnoz əsasında mutizm üçün kriteriyalar müəyyən edilib. Bəzi sosial ortamda susmaq, lakin o yerdən uzaqlaşanda danışmaq; susqunluğun təhsil, peşə və sosial münasibətlərə də təsir etməsi; problemin ünsiyyət dili ilə əlaqəli çətinlikdən irəli gəlməməsi (xarici dil kimi); bu halın kəkələmək kimi nitq qüsurunun təsirindən yaranmaması kriteriyalara daxil edilib.

Mutizm orqanik və funksional olaraq iki alt qrupa ayrılır. Orqanik mutizm mərkəzi sinir sistemindəki problemlərdən yaranır, psixoloji səbəblərdən qaynaqlanmır. Məsələn, serebral iflic olan bir uşaqda orqanik mutizmdən bəhs edilə bilər. Funksional mutizm isə özü də alt qruplara bölünür: Simbiotik mutizm: uşağın özünə baxanla qurduğu (məs. ana ilə) simbioz münasibət; reaktiv mutizm: bu qrupla çoxlu emosional reaksiyalar əlaqəlidir; passiv, aqressiv mutizm: a) uşaq mutizmi bir silah və nəzarət mexanizmi kimi istifadə edir, b) ümumilikdə antisosial davranış nümayiş etdirir, c) mənfi reaksiya olaraq danışmır; danışmaq fobiyası: a) öz səsini eşitmək qorxusu, b) uyğun olmayan bir şey demək həyəcanı.

 Uşağın müəyyən yaşı keçdikdən sonra o, danışmırsa, bu hal ya nitq aparatında yaranan problemlərlə bağlıdır, ya da danışa bildiyi halda danışmağa istəyinin olmamasıdır. Mutizmin yaranma səbəbi çoxdur. O, psixoloji amillər – narahatlıq, psixoloji travma, depressiya və ya stres nəticəsində yarana bilər. Bundan əlavə, nevroloji faktorlar – beyin zədələri, nevroloji pozuntular və ya autizm spektri mutizmin yaranmasına təkan verə bilər. Sosial və emosional amillər, sosial narahatlıq, ailə münaqişələri və ya təhsil mühitindəki çətinliklər də bu səbəblərə daxildir. Bu məsələdə genetik faktorları da qeyd etmək lazımdır. Bəzən mutizm irsi ötürülür, yəni araşdırma nəticəsində aydın olur ki, ailə üzvlərində bənzər vəziyyətlər olub.

– Mutizmin hansı növləri var və autizmdən nə ilə fərqlənir?

– Autizm bir şəxsin sosial əlaqələr qurmağı və ünsiyyət bacarıqlarını inkişaf etdirməkdə çətinlik çəkməsi ilə bağlıdır, spektr pozuntusudur. Autizmli uşaqlar bəzən mutizmə meyilli olurlar, amma autizm və mutizm iki ayrı xəstəlikdir. Mutizm yalnız danışmama vəziyyəti ilə bağlıdır, autizm isə daha geniş bir sosial və davranış pozuntusudur.

Mutizm əsasən iki əsas növə bölünür: selektiv mutizm və total mutizm. Hər iki növün özünəxas xüsusiyyətləri var. Selektiv mutizm, şəxsin müəyyən sosial vəziyyətlərdə və ya müəyyən insanlarla ünsiyyət qurmaqda çətinlik çəkməsidir. Məsələn, uşaq küçədə şifahi ünsiyyət qurmaq istəmir, ancaq evdə  danışır. Bu vəziyyət adətən 3–5 yaş arası uşaqlarda müşahidə olunur və psixoloji narahatlıqdan qaynaqlanır. Çünki uşaqlar bu dövrdə sosial və dil bacarıqlarını inkişaf etdirirlər. Lakin bu vəziyyət böyüklərdə də mövcud ola bilər. Uşaqlar yalnız müəyyən mühitlərdə və müəyyən insanlar içində susqunlaşırlar. Bu susqunluq özlərini güvəndə hiss etdikləri və rahat olduqları yerlərdə davam etmir. Selektiv mutizmli uşaqlar danışdıqları şəxsləri və özlərini ifadə etdikləri yerləri düşünmədən, şüursuz seçirlər.

 Selektiv mutizmi olan uşaqlar ailə mühitində və özünü güvəndə hiss etdiyi ictimai yerlərdə danışmasına baxmayaraq, məktəb və oyun sahələri kimi fərqli sosial mühitlərdə danışmır. Uşağın susqunluğu onun təhsilinə və ictimai münasibətlərinə mənfi təsir göstərir. Belə uşaqlar qarşıdakının gözünə baxmağa çətinlik çəkir və aqressiv, tərs, isterik, utancaq təsiri bağışlayırlar. Total mutizm isə şəxsin heç bir şəkildə danışmaması halıdır. Bu, çox ciddi psixoloji və ya nevroloji problemlərin nəticəsində yaranır. Total mutizm olan insanlar heç bir sosial vəziyyətdə danışmır, hətta ən yaxınları ilə belə əlaqə, ünsiyyət  qurmurlar.

– Mutizm müəyyən yaş dövründən sonra keçirmi, yoxsa müalicə şərtdir?

 – Davam etmə müddətinə görə mutizm iki yerə bölünür: keçici və davamlı mutizm. Keçici mutizm 5 yaşdan kiçik uşaqlarda müşahidə edilir. Sadəcə bir mühitdə danışmırlar.  Problemin başlanğıcı 6 aydan çox olmur. Susma davranışı davamlı deyil, uşaq zaman- zaman danışmaz və birdən söhbətə qarışar. Davamlı mutizmin xüsusiyyətləri isə fərqlidir. Mutizm 6 aydan çox davam edir. Uşaq adətən 5 yaşından böyük olur. Susma davranışı daimidir. Bir çox mühitdə susur.

– Uşaqlar arasında mutizm necə təyin olunur və onlarla necə davranılmalıdır?

– Uşağın sosial münasibətlərini, məktəbdəki və evdəki davranışlarını qiymətləndirən mütəxəssislər bu vəziyyəti müəyyən edirlər. Mutizm psixoloji əsaslı bir vəziyyətdir. Şəxsin fiziki sağlamlığı yaxşı olsa da, psixoloji və sosial səbəblərdən danışmaqdan imtina edə bilər. Mutizm sosial əlaqələri çətinləşdirir. Şəxslər yaxınları ilə normal ünsiyyət qura bilmədikdə, tənhalıq, narahatlıq və ya sosial izolyasiya yaşayırlar. Bu, onların sosial həyatındakı çətinlikləri artırır. 

 Mutizmli uşaqlara sosial vəziyyətlərdə dəstək olmaq üçün onlara təzyiq göstərilməməlidir. Addım-addım uşaqların sosial vəziyyətlərə adaptasiya olması üçün səy göstərmək lazımdır. Sosial dəstək olaraq, sosial mühitdə sıxıntı çəkən uşaqlarla qrup işlərinin həyata keçirilməsi, məşğələlərinin sayının artırılması uşağın sosial mühitə adaptasiya olunmasına şərait yaratır.

– Mutizmin böyüklərdə də müşahidə olunduğunu dediniz. Xəstəlik nədən qaynaqlanır və hansı əlamətlərlə özünü göstərir?

– Böyüklərdə mutizmin bir neçə növü və yaranma səbəbi var. Daha çox rast gəlinən mutizm formaları psixoloji səbəblərdən irəli gəlir. Bu, adətən, travmatik bir hadisə və ya uzunmüddətli stress nəticəsində inkişaf edir. Psixoloji mutizm, adətən, şiddətli narahatlıq, depressiya və ya posttravmatik stres pozuntusu ilə əlaqələndirilir. İnsan stres halında danışmağa çətinlik çəkir. 

Psixoloji mutizm, xəstənin öz iradəsi ilə deyil, bədəninin və ağlının qorunma məqsədi ilə ortaya çıxır. Bu səbəblərə uşaqlıq dövründə yaşanmış travmalar –  təcavüz, zorakılıq, ailə problemləri–həyatdakı güclü stres və ya ailə üzvlərinin itirilməsi, qəza, təbii fəlakət və s. daxildir. 

Nevroloji mutizm afaziya, beyindəki zədələrdən qaynaqlanan bir vəziyyətdir. Beyinin danışma və dil ilə əlaqəli sahələrinin zədələnməsi – insult, beyin travması, ya da beyin şişləri insanın danışma qabiliyyətinə təsir edə bilər. Afaziya (nitqin ifadə edilməsi və anlaşması ilə bağlı nevroloji pozuntu) danışma və ya anlama ilə bağlı çətinliklər yaradır. Mutizm də bu tip xəstəliklərin nəticəsi olaraq ortaya çıxa bilər. Bəzən xəstələr sadəcə danışmağı dayandırır, ya da heç danışmır. Səbəblərə Parkinson və ya başqa nevroloji xəstəliklər də daxildir.

 Şizofreniya kimi bəzi psixiatrik xəstəliklərdə də mutizm müşahidə edilir. Şizofreniyada şəxsin daxili dünyası və reallıq arasındakı əlaqəsi pozulur və bəzən fərd kommunikasiya qurmağı unuda bilər. Bu, xüsusilə halüsinasiyalar və ya delusiyalar zamanı baş verir. Şizofreniyalı xəstələrdə bəzən danışıqdan imtina etmək və ya heç danışmamaq müşahidə olunur.

Bəzi hallarda böyüklərdə mutizm orqanizmə aid tibbi və fiziki problemlərdən qaynaqlanır. Bu, bir çox xəstəliyin simptomlarından biri ola bilər. Bəzən yorğunluq və ya hormon balanssızlığı da danışıq çətinliyinə səbəb olur.

– Mutizmin müalicəsi hansı üsullarla aparılır?

– Mutizmin müalicəsinə, əsasən, koqnitiv-behavioral terapiya (KBT) daxildir ki, bu da uşaqlara sosial vəziyyətlərdə danışmağa təşviq edən bir müalicə üsuludur. Davranış terapiyası zamanı uşaqların düzgün olan hərəkətləri mükafatlandırmaqla onlara danışmaq öyrədilir. Sosial bacarıq təlimi uşaqların sosial vəziyyətlərdə özünə inamlı şəkildə iştirak etməsini təmin edəcək bacarıqlar inkişaf etdirilir. Müalicə uşağın özünü rahat hiss edəcəyi mühitlərdə başlayır və tədricən sosial vəziyyətlərdə danışmağa həvəsləndirilir. Selektiv mutizm bəzi hallarda müdaxiləsiz sağala bilsə də, diaqnoz qoyulduqdan sonra müalicəyə başlanması məsləhətdir. Uşağın yaşı artdıqca bu problemi müalicə etmək də çətinləşir. 

 Selektiv mutizmli uşaqlar müalicə olunmayanda təhsilləri və sosial münasibətləri ciddi zərər görür. Terapiya qrup işi şəklində aparılır. Uşaq psixoloqları ilə yanaşı, müəllimlər, loqopedlər və ailə fərdləri müalicədə iştirak edir. Dərman dəstəyi və psixoterapiya üsulları birlikdə istifadə olunur. Uşaq nə qədər kiçikdirsə və məktəbdə danışmadığı müddət nə qədər azdırsa, müalicə bir o qədər müsbət olur. Psixoloq ilk növbədə valideynlərlə ətraflı danışmalıdır. Nə vaxtdan bu halın yaşandığını dəqiqləşdirib, əlavə problemlər araşdırmalıdır. Belə uşaqlara mütləq kollektiv mühit lazımdır. 

– Mutizmli uşaqların gündəlik həyatını yaxşılaşdırmaq üçün evdə necə dəstəklənməlidir?

– Evdə uşağın sosial və danışma bacarıqlarını inkişaf etdirmək üçün təhlükəsiz və dəstəkləyici bir mühit yaradılmalıdır. Uşağın özünü rahat hiss etməsi üçün onunla gündəlik həyat fəaliyyətlərinə daxil olmaq, oyun oynamaq və daha çox sosial vəziyyətlərdə iştirak etməsini təşviq etmək faydalıdır.
Mutizmli şəxslərin gündəlik həyatını asanlaşdırmaq üçün onlara sosial bacarıqlarını inkişaf etdirməyə kömək edən fəaliyyətlər təklif etmək lazımdır. Eyni zamanda, stresli vəziyyətlərdən uzaq durmaq və rahat mühitlərdə daha çox vaxt keçirmələri tövsiyə olunur.

– Bu problemi yaşayan uşaqların valideynlərinə nə tövsiyə edirsiniz?

 – Valideynlər, öncə uşağa sevgi və dəstək göstərin. Onların özlərini təhlükəsiz hiss etməsinə şərait yaradın, təzyiq göstərmək əvəzinə, onun hisslərini başa düşün. Uşağın sosial əlaqələr qurması üçün sadə və təbii mühitlərdə sosial fəaliyyətlər təşkil edin. Əvvəlcə evdəki kiçik qruplarla başlayın, sonra daha böyük sosial mühitlərə keçid edin. Davranış və ünsiyyət üçün mühit hazırlayın, uşağınızın hansısa bir müsbət davranışını, danışmağa cəhd etməsini mükafatlandırın. Onun danışmağa başlaması zamanla baş verəcək bir prosesdir. Sinif və məktəb müəllimləri ilə əməkdaşlıq edin. Göstərilən dəstək sayəsində uşağın mutizmlə bağlı olan problemi aradan qalxar.

 
Müsahibəni hazırladı:
Zərifə HÜSEYNOVA
XQ

Seçilən
14
4
xalqqazeti.az

10Mənbələr