AZ

Hindistan və ABŞ ticarət razılaşması danışıqlarında mövqelərini sərtləşdirib

Hindistan və ABŞ ticarət rəsmiləri bu həftə Dehlidə keçirilən ticarət danışıqları zamanı daha az güzəştli yanaşma nümayiş etdiriblər.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

“Məsələ ilə tanış olan insanlar, Hindistan və ABŞ ticarət rəsmilərinin iyulun 9-da ABŞ-nin yüksək tarifləri qüvvəyə minənə qədər müvəqqəti razılaşma əldə etmək üçün çalışdığı məqamda tərəflərin bəzi əsas məsələlərdə daha sərt mövqe tutduqlarını söyləyib”, - agentlik qeyd edib.

O cümlədən tərəflər ABŞ-nin Hindistanın öz bazarını geni dəyişdirilmiş məhsullara açması tələbi ilə bağlı da fikir ayrılığına düşüb. Vaşinqton həmçinin Hindistandan tibbi avadanlıqlara tarifləri qaldırmasını və bu malların qiymətlərinə nəzarəti asanlaşdırmasını istəyir.

Agentliyin məlumatına görə, Hindistan da öz növbəsində ABŞ-dən onu polad və avtomobil tariflərindən azad etməyi tələb edir. Dehli qarşı tərəfi iyulun 9-da Hindistan məhsullarına ABŞ rüsumlarının artımı qüvvəyə minəcəyi təqdirdə cavab rüsumları ilə təhdid edir.

Xatırladaq ki, danışıqlar iyunun 5-10-da Yeni Dehlidə baş tutub.

Agentlik yazır ki, iyunun 15-17-də Kanadada keçiriləcək G7 sammitinə səfəri gözlənilən Hindistanın Baş naziri Narendra Modi tədbir çərçivəsində ABŞ Prezidenti Donald Trampla ticarət məsələlərini müzakirə edə bilər.

Daha əvvəl Tramp Hindistan ixracatına 26 % rüsum tətbiq edib. Amma aprelin 9-da Prezident bu məsələ ilə bağlı dialoq üçün müraciət edən 75-dən çox ölkəyə münasibətdə idxal rüsumlarının artırılması ilə bağlı qərarların icrasını 90 gün müddətinə dayandırmaq qərarına gəldiyini açıqlayıb.

Hindistan ABŞ ilə ticarət danışıqlarına başlayan ilk ölkələrdən biri olub. “Bloomberg” yazır ki, Vaşinqton və Dehli bu ilin iyulunda ilkin saziş bağlamağı hədəfləyir.

Seçilən
78
37
report.az

10Mənbələr