Bolqarıstanın “Lokomotiv” (Sofiya) klubunun sol cinah müdafiəçisi Bruno Franko bundan sonra “Araz-Naxçıvan”ın formasını geyinəcək.
Arena.az bu barədə Naxçıvan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Belə ki, “Araz-Naxçıvan” bu gün heyətinə daha bir futbolçu qatıb. Sözügedən klub Bruno Franko ilə müqavilə imzalayıb. Braziliyalı sol cinah müdafiəçisi ilə anlaşma 1 illikdir. 27 yaşlı futbolçu ötən mövsüm Sofiya “Lokomotiv”ində çıxış edib. O, 2023-cü ilin yanvarından formasını geyindiyi Bolqarıstan klubunun heyətində 86 oyuna çıxıb, 4 məhsuldar ötürmə müəllifi olub.
Franko “Lokomotiv”ə qədər Bolqarıstanın “Spartak” (Pleven), eləcə də Braziliyada “Matonense”, “Rio Branko”, “Batatais”, “Mogi Mirim” klublarının formasını geyinib.
Xatırladaq ki, “Araz-Naxçıvan” daha öncə Bar Kohen və Ba-Muaka Simakalanı da transfer etmişdi. Muxtar Respublika təmsilçisi baş məşqçi Elmar Baxşıyev, futbolçulardan İssuf Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodriqeslə də yeni müqavilə bağlayıb. Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviç isə bu komandanı tərk ediblər.