BAKI. 1 iyul. TELEQRAF
İstanbul prokurorluğu Türkiyənin məşhur satirik jurnalı “Leman”la bağlı araşdırmaya başlayıb.
Teleqraf “TRT Haber”ə istinadən xəbər verir ki, jurnal Məhəmməd peyğəmbərin karikaturasını dərc edib.
Məlumata görə, karikaturanın müəllifi saxlanılıb. “Leman”ın daha 4 əməkdaşının saxlanılacağı gözlənilir.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç baş verən hadisəyə münasibət bildirib: “Dindarların hisslərinin ictimai şəkildə təhqir edilməsi faktı ilə bağlı Türkiyə Cinayət Məcəlləsinin 216-cı maddəsinə uyğun olaraq məhkəmə araşdırmasına başlanılıb. Heç bir azadlıq müqəddəs dəyərləri belə iyrənc şəkildə ələ salmağa haqq vermir. Məhəmməd peyğəmbərin karikatura təsvirləri və ya onu ümumən təsvir etməyə cəhdlər təkcə dini dəyərlərə deyil, həm də ictimai əmin-amanlığa xələl gətirir. Milyonlarla müsəlmanın inanclarına məhəl qoymayan bu təxribatla bağlı dərhal lazımi hüquqi tədbirlər görüləcək”.